
Bakı. Trend:
Gürcüstan və Azərbaycan arasında təcrübə mübadiləsi ələlxüsus
hibrid hücumlar şəraitində vacibdir.
Trend xəbər verir
ki, bunu bu gün “PosTV” gürcü teleşirkətinin analitik bölməsinin
nümayəndəsi Qiya Abaşidze Bakıda keçirilən “İctimai etimadın
formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi”
mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu çərçivəsində
jurnalistlərə açıqlamasında deyib.
“Bizə qarşı saxta xəbərlər və dezinformasiya yayılır. Belə
vəziyyətdə Azərbaycandan olan tərəfdaşlar və həmkarlarla
əməkdaşlığı gücləndirmək vacibdir”, – deyə o qeyd edib.
G. Abaşidze vurğulayıb ki, bu cür forumun keçirilməsi iki
ölkənin media təşkilatlarını yaxınlaşdırmaq və daha sıx qarşılıqlı
əməkdaşlıq üçün platforma yaratmaq baxımından mühüm rol
oynayır.
“KİV-lər, siyasətçilər və ictimai ekspertlər arasında
əlaqələndirmə zəruridir. Bu günkü media-forum əməkdaşlığımızı
möhkəmləndirmək istiqamətində mühüm addımdır”, – deyə o əlavə
edib.

