
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Daşkənddə Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən enerji
sektorunda yeni layihələrin istifadəyə verilməsi və tikintisinə
başlanmasına həsr olunmuş mərasimdə iştirak edib.
Trend xəbər
verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Tədbirdə Özbəkistanın müxtəlif regionlarında Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin kimi ölkələrlə
yanaşı, Azərbaycanla da birgə həyata keçirdiyi layihələr telekörpü
vasitəsilə təqdim edilib.
Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə
liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan
münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və
bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və
dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin
tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin
əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı
proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını
qeyd edib.
Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi
inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı
xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə
həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə
başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji
tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər
iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya
mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və
enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”
Nazir onu da əlavə edib ki, daha bir strateji və regional
əhəmiyyətli layihə tarixdə ilk dəfə Azərbaycan, Özbəkistan və
Qazaxıstanın elektrik enerjisi sistemlərini birləşdirəcək
Transxəzər enerji dəhlizi layihəsidir. Bu təşəbbüs perspektivdə
Azərbaycanın tranzit rolu əsasında genişlənərək Asiya ilə Avropa
arasında yerləşən Orta Dəhliz boyunca bərpa olunan enerjinin
ötürülməsi üçün yeni imkanlar yaradacaq.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində Özbəkistanda
yerləşən investisiya blokları üzrə geoloji kəşfiyyat layihəsinin
həyata keçirilməsi ilə əlaqədar SOCAR, “Uzbekneftegaz” “və
Özbəkistan Respublikası arasında Kəşfiyyat, İşlənmə və Hasilat üzrə
Pay Bölgüsü Sazişi imzalanıb.

