Ölkəmizdə ilk dəfə nəşr olunan “İnsan hüquqları. Ensiklopediya” adlı kitab təqdim olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Tanınmış hüquqşünas alim, Bakı Dövlət Universitetinin (BDU)
Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru,
dosent Zaur Əliyevin yeni kitabı nəşr olunub.

Trend xəbər
verir ki, respublikamızda ilk dəfə olaraq nəşr olunan “İnsan
hüquqları. Ensiklopediya” adlı kitab Konstitusiya və Suverenlik
ilinə həsr edilib.

Dekabrın 5-də “Beynəlxalq İnsan Hüquqları Günü” ərəfəsində
kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif dövlət
qurumlarının, ali təhsil müəssisələrinin, parlamentin, məhkəmə və
prokurorluq orqanlarının, vəkilliyin, mediasiyanın, beynəlxalq
təşkilatların, QHT və media nümayəndələri, həmçinin müəllim və
tələbələr iştirak ediblər.

Kitab BDU Hüquq fakültəsinin Elmi Şurasının qərarı əsasında bp
şirkətinin dəstəyi ilə çap edilib. Kitabın rəyçisi Hüquq
fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO
kafedrasıdır.

Təqdimat mərasimində çıxış edən ensiklopediyanın müəllifi Zaur
Əliyev bildirib ki, respublikamızda insan hüquqları sahəsində
islahatların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub
və Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox
diqqət yetirdiyi sahələrdən biri insan hüquqlarının qorunması olub.
Ulu Öndərin müəllifi olduğu ilk milli konstitusiyamızın insan
hüquqlarına hörmət və insan ləyaqətinin üstünlüyü prinsiplərinə
əsaslandığını, əsas qanunda insan hüquqlarının primatlığı
prinsipinin öz əksini tapdığını, 1998-ci ildə Ulu Öndər tərəfindən
insan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının təsdiq
edildiyini, ölüm hökmünün ləğvinin Ulu Öndərin insanın həyatına,
ləyaqətinə, yaşamaq hüququna böyük önəm verdiyinin və öz
fəaliyyətində humanizm və insan hüquqlarına hörmət prinsiplərini
rəhbər tutmasının mühüm göstəricisi olduğunu bildirib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İnsan Hüquqları
Gününün təsis edilməsi, insan hüquqlarının müdafiəsinə dair milli
fəaliyyət planı və proqramlarının və bununla bağlı digər sənədlərin
imzalanmasının dövlət başçısının Ulu Öndərin insan hüquqları
siyasətini uğurla davam və inkişaf etdirməsinin mühüm göstəricisi
olduğunu vurğulayıb. Ulu Öndərin xeyirxahlıq missiyasının Heydər
Əliyev Fondu tərəfindən yaşadıldığını qeyd edən müəllif Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
fəaliyyətinin insan hüquqlarının, xüsusilə sosial hüquqların
səmərəli təmin olunmasına yönəldiyini bildirmişdir.

Hər bir hüquqi dövlətdə insan hüquqlarının tədrisinin mühüm
əhəmiyyət kəsb etdiyini vurğulayan müəllif təqdim olunan
ensiklopediyanın hüquq elminin bu mühüm sahəsinin dərindən
öyrənilməsinə xidmət etdiyini bildirmişdir. Ensiklopediyada insan
hüquqlarının müxtəlif məsələlərinə həsr olunmuş və insan
hüquqlarının həm nəzəri, həm də praktik aspektlərini əhatə edən
mindən çox müddəanın öz əksini tapdığını qeyd edən müəllif burada
hüquq ədəbiyyatında ilk dəfə olaraq bir sıra anlayışların, məsələn
etnik təmizləmə, şəxsin suverenliyi, qayıdış hüququ və digər bu
kimi terminlərin ətraflı izahının və şərhinin verildiyini diqqətə
çatdırmışdır.




2014-cü ildə bu işə başlayarkən əsas iki məqsədinin olduğunu
qeyd edən müəllif bunlardan birinin insan hüquqlarını sistemli,
elmi və eyni zamanda hamı üçün anlaşılan şəkildə təqdim etmək,
ikincisi isə Azərbaycan hüquq elminə yeni geniş həcmli və etibarlı
bir mənbə qazandırmaq olduğunu bildirmişdir. Dövlət suverenliyinin
və insan hüquqlarının paralel inkişaf etdikdə cəmiyyətin güclü
olduğunu bildirən müəllif məhz bu baxımdan təqdimatın belə bir
xüsusi ildə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd
etmişdir.

Bu yolda ona dəstək olan insanlara, alimlərə, müəllimlərinə
təşəkkürünü bildirən müəllif həmçinin ona daim motivasiya verən
tələbələrinə də minnətdarlığını ifadə edərək, onların suallarının
və enerjisinin bu kitabın formalaşmasına təsir göstərdiyini
vurğulamışdır.

Çıxışının yekununda Z.Əliyev insan hüquqları üzrə bələdçi olan
bu ensiklopediyanın nəşrinin Konstitusiya və Suverenlik İlinə,
həmçinin Azərbaycan ictimaiyyəti üçün dəyərli töhfə olacağına ümid
etdiyini bildirmişdir.

Təqdimat mərasimində çıxış edənlər ölkəmizdə ilk dəfə nəşr
edilən insan hüquqları üzrə ixtisaslaşmış ensiklopediyanın hüquq
elminin dərindən və hərtərəfli öyrənilməsi baxımından əhəmiyyətini
vurğulayaraq bu unikal ensiklopedik vəsaitin həm də insan
hüquqlarının səmərəli tədrisinə yardımçı olacağını bildirmişlər.
Vurğulanmışdır ki, insan hüquqlarının elmi-nəzəri cəhətdən
öyrənilməsi və praktiki tətbiqi haqqında biliklərin, insan
hüquqlarına hörmətə əsaslanan hüquq mədəniyyəti və hüquq
düşüncəsinin formalaşmasında, gənc nəslin insan hüquqlarına hörmət
ruhunda tərbiyə olunmasında təqdim olunan bu ensiklopediyanın
özünəməxsus rolu olacaqdır.

Qeyd edək ki, Ensiklopediyada həmçinin konstitusiya və
suverenliklə, Vətən müharibəsi, Zəfərlə, Türk Dövlətləri Təşkilatı
ilə bağlı bir sıra mühüm müddəalar da təsbit olunmuşdur.
Ensiklopediyanın “Vətən müharibəsi” hissəsində müəllif Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin adının tarixə “Qalib Azərbaycan dövlətinin banisi” kimi
qızıl hərflərlə yazıldığını xüsusi vurğulayır.

Ensiklopediya tələbələr, magistrantlar, doktorantlar,
müəllimlər, elmi işçilər, hüquq müdafiəçiləri, hüquqşünaslar,
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, insan
hüquqları sahəsində ixtisaslaşan təşkilatların nümayəndələri,
həmçinin insan hüquqları ilə maraqlanan oxucu auditoriyası üçün
nəzərdə tutulmuşdur. Ensiklopediyadan həmçinin ali təhsil
müəssisələrində dərs vəsaiti kimi də istifadə edilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir