“InvestAZ” və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“InvestAZ” İnvestisiya Şirkəti 27 noyabr 2025-ci il tarixində
Bakı Avrasiya Universitetində (BAAU) maliyyə bazarları və rəqəmsal
aktivlərə həsr olunmuş seminar təşkil edib. Tədbir universitetin
“Regionşünaslıq və iqtisadiyyat” fakültəsi və “İqtisadiyyat”
kafedrası ilə birgə həyata keçirilib.

Seminarın əsas məqsədi tələbələrə kapital bazarlarının müasir
dinamikası, qlobal maliyyə trendlərinin yerli bazara təsiri,
rəqəmsal aktivlərin iqtisadi mahiyyəti və eniş dövrlərində tətbiq
olunan investisiya strategiyalarının praktiki tərəflərini təqdim
etmək olub. Tədbirdə iştirak edən tələbələrə həm nəzəri biliklər,
həm də real bazar nümunələri əsasında tətbiqi yanaşmalar nümayiş
etdirilib.

Seminarın əsas məruzəçisi “InvestAZ”ın Tədris və Analitika
Departamentinin baş mütəxəssisi, iqtisad elmləri üzrə fəlsəfə
doktoru Rövşən Məmmədov kapital bazarlarında qiymət dinamikasının
formalaşma prinsipləri, müxtəlif bazar şəraitində investor
davranışı, qısa satış strategiyalarının tətbiqi və risklərin idarə
olunması mexanizmləri barədə geniş təqdimatla çıxış edib. Məruzədə
həmçinin qlobal maliyyə tendensiyalarının yerli kapital bazarlarına
inteqrasiyası, analitik təhlilin investisiya qərarlarında rolu və
rəqəmsal alətlərin bazarda istifadəsi kimi mövzulara da
toxunulub.

Seminarda maliyyə məsləhətçisi Rəşad Mustafayev tərəfindən
Bitcoin və kriptovalyuta bazarının hazırkı vəziyyəti, rəqəmsal
aktivlərin iqtisadi dəyəri, kriptovalyutaların investisiya
portfellərində diversifikasiya baxımından rolu və bazarın gələcək
inkişaf perspektivləri barədə ətraflı məlumat verilib. Tələbələr
kriptovalyuta ekosistemi, blokçeyn texnologiyası və rəqəmsal
aktivlərin qlobal maliyyə sistemində artan roluna dair müxtəlif
suallar ünvanlayıblar.




Tədbir interaktiv şəkildə davam edib və iştirakçıların
investisiya strategiyaları, bazar risklərinin proqnozlaşdırılması,
rəqəmsal maliyyə alətlərinin tətbiqi, həmçinin qlobal kapital
bazarlarında yeni trendlərlə bağlı sualları “InvestAZ”
mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb. Seminar
tələbələrə real bazar proseslərinin mahiyyətini anlamağa, analitik
düşünmə bacarıqlarını inkişaf etdirməyə və maliyyə savadlılıqlarını
artırmağa şərait yaradıb.

“InvestAZ” tərəfindən verilən məlumata görə, şirkət ali təhsil
müəssisələri ilə əməkdaşlığı genişləndirməyi, tələbələrin maliyyə
bazarları üzrə bilik və bacarıqlarını gücləndirmək üçün
maarifləndirici proqramları davam etdirməyi planlaşdırır. Şirkətin
nümayəndələrinin sözlərinə görə, bu tip seminarlar gənclərin real
iş mühiti ilə tanış olmasına, onların gələcək karyera inkişafına və
əmək bazarında rəqabət qabiliyyətlərinin artmasına mühüm töhfə
verir.

BAAU və “InvestAZ” arasında qurulan bu əməkdaşlıq modeli yüksək
ixtisaslı kadrların hazırlanması, tələbələrin nəzəri biliklərini
praktiki aspektlərlə tamamlaması və müasir maliyyə bazarlarına
çıxış imkanlarının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir