
Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan
Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində
ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə
başlayıb. Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən
innovatorları bir araya gətirərək startap quruculuğu, startapların
bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya
sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə
verməkdir.
Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini
Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet
mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini
vurğulayıb:
“İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün
inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu
məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes
əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli
iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”.
ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi
prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün
texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet
tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək
şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı,
kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün
şərait təmin edilib.
Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə
elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün
inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM
təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin
fəaliyyətinin tərkib hissəsi olacaq.
Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda
Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait Innovation
Hub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan Dövlət
Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

