
Bakı.Trend
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Qərbi
Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış
hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni
irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi”
mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
Konfrans iştirakçılarına Prezident İlham Əliyevin müraciəti
oxunub. Müraciətdə çox önəmli məslələrə toxunulub.
Politoloq Azər Qarayev mövzu ilə bağlı Trend-ə açıqlamasında
bildirib ki, müraciət həm siyasi baxımdan, həm humanitar müstəvidə,
həm də tarixi-mədəni aspektdə çoxqatlı və geniş mesajlar ehtiva
edir.
“Çıxışın əsas ideyası ondan ibarətdir ki, Ermənistan ərazisindən
deportasiya olunmuş azərbaycanlıların geri qayıdış hüququ yalnız
regional problem kimi deyil, beynəlxalq hüquq, insan hüquqları və
mədəni irsin qorunması sahəsində qlobal gündəliyə daxil edilməli
bir məsələ kimi qiymətləndirilməlidir. Ermənistandan
azərbaycanlıların çıxarılması və mədəni irsin məhv edilməsi
təsadüfi hadisə deyil, ardıcıl və planlı fəaliyyət kimi təqdim
olunur. Qəbiristanlıqların, dini məbədlərin, yaşayış məskənlərinin,
maddi və qeyri-maddi irsin məhv edilməsi beynəlxalq səviyyədə
sübutu olan tarixi reallıq kimi göstərilir. Bu yanaşma qayıdış
məsələsinin yalnız siyasi yox, həm də tarixi-etik məsələ olduğunu
ön plana çıxarır”, – deyə Azər Qarayev bildirib.
Politoloq qeyd edib ki, müraciətin ən mühüm məqamlarından biri
geri qayıdış hüququnun konkret beynəlxalq sənədlərdə təsbit
edilməsinə istinadlardır:
“Qayıdış tələbi siyasi iddia deyil, hüquqi və beynəlxalq
standartlara uyğun haqqdır.Ermənistan bu hüququ təmin etməyə
borcludur; çünki bu, BMT sənədlərində birmənalı şəkildə tanınan
fundamental insan hüququdur. Bundan başqa Ermənistan ərazisindəki
Azərbaycan mədəni irsinin bərpası da əsas məsələlərdəndir. Bu
məsələ mədəni diplomatiyanın əsas elementidir. Münaqişədən sonrakı
dövr üçün etimad yaratma prosesinin ayrılmaz hissəsidir, beynəlxalq
təşkilatlar üçün yeni fəaliyyət istiqaməti açır. Bu vurğular
göstərir ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın qurulması
üçün mədəni irsi siyasi mübahisə predmetinə çevirmir, əksinə,
ümumbəşəri dəyərlərin qorunması kontekstində təqdim edir”.
Politoloq qeyd edib ki, Azərbaycan cəmiyyəti revanşizmdən
uzaqdır, yanaşması hüquqi çərçivədədir:
“Qayıdış ideyası heç vaxt başqa dövlətin ərazi bütövlüyünə
təhdid kimi formalaşdırılmır.Bu məsələ Ermənistanla sülh
əlaqələrinin qurulması fonunda çox həssas və strateji baxımdan
əhəmiyyətlidir. Prezident İlham Əliyevin 2025-ci il 8 avqust
tarixində Vaşinqtonda əldə olunan Birgə Bəyannaməyə və sülh
sazişinin paraflanmasına istinad etməsi müraciətin siyasi mesajını
daha da gücləndirir. Bu, qayıdış hüququ məsələsinin artıq yalnız
humanitar gündəlikdən çıxaraq sülh prosesinin komponentinə
çevrildiyini göstərir. Beləliklə, Ermənistan və Azərbaycan arasında
sülh perspektivləri real mərhələyə qədəm qoyur”.
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin bu müraciəti
həm diplomatik, həm humanitar, həm də siyasi baxımdan çoxşaxəli
əhəmiyyət daşıyır:
“Müraciət tarixi ədalətsizliklərlə bağlı beynəlxalq diqqəti
yenidən cəlb edir, qayıdış hüququnun legitimliyini hüquqi əsaslarla
dərinləşdirir, mədəni irsin bərpasını sülh və etimad üçün vacib
mexanizm kimi təqdim edir, Ermənistanla sülh gündəliyini
dəstəkləyir”.

