
Bakı. Trend:
Dekabrın 5-də “Naxçıvan Muxtar Respublikasının 2026-cı il
büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin
müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası
keçirilib.
Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
mətbuat xidmətindən məlumat verilib.
İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev vurğulayıb ki,
Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirlərinin
483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat
məbləğində təsdiq edilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, 2026-cı il üzrə Naxçıvan Muxtar
Respublikasının büdcəsinin layihəsinə nəzər saldıqda gəlir
mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya
30,9 faiz artım müşahidə olunur. Həmçinin 2026-cı il üzrə büdcə
gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini
üstələyib.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov
və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə
məlumat veriblər.
İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi
yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
növbəti iclasının müzakirəsinə təqdim edilib.

