
Bakı. Trend:
Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay
şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.
Trend xəbər verir
ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Məmmədov (48
kq) ilk döyüşündə Filippin təmsilçisi Joey Kano ilə qarşılaşıb.
Azərbaycanlı idmançı üçüncü raundda rəqibini tam üstünlüklə
məğlub edərək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə ilk
döyüşdən azad olan Tacikistan boksçusu Mehron Şafiyevlə
qarşılaşacaq.
Zaur Qəhrəmanov (67 kq) da turnirə qələbə ilə başlayıb. O,
Qambiya təmsilçisi Şeyx Sarrı ilk raundda məğlub edərək 1/8 final
mərhələsinə adlayıb. Qəhrəmanov növbəti döyüşündə Argentina
boksçusu Tomas Kasazza ilə üz-üzə gələcək.

