Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Avropa İttifaqının rəsmi şəxslərinə açıq məktub ünvanlayıblar

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə
ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya
Kallasa, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi
nümayəndəsi Maqdalena Qronoya və İttifaqın ölkəmizdəki
nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziçə müraciət
ünvanlayıblar.

Trend xəbər verir
ki, müraciətdə erməni terrorçu Monte Melkonyan adını daşıyan
Ermənistan Hərbi-idman liseyinin Avropa İttifaqının Hərbi Orta
Məktəblər Forumuna qoşulması ilə bağlı xəbərin Azərbaycan
ictimaiyyətində geniş çaşqınlıq və narazılıq doğurduğu vurğulanıb.
Qeyd edilib ki, təhlükəsizlik, ortaq dəyərlər və məsuliyyətli
idarəçilik prinsiplərini qoruduğunu iddia edən Avropa Təhlükəsizlik
və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Forumun
bu qərarı Avropanın dəstəklədiyi bütün platformalardan ədalət və
hesabatlılıq gözləyən Azərbaycanın itkin ailələrində Aİ-nin öz
prinsiplərinə sadiqliyinə dair ciddi suallar yaradıb.

Qeyd olunub ki, Cenevrədə BMT Ofisinin qarşısında səssiz aksiya
keçirən və onilliklər ərzində yaşadıqları faciəyə dünyanın diqqət
ayırmağa başladığını düşünən Qarabağın itkin ailələrinin terrorçu
qrup hesab edilən bir qurumun üzvü olan və hərbi cinayətkar sayılan
Monte Melkonyanın adını daşıyan məktəbin Aİ-yə bağlı bir Foruma
qəbul edilməsindən dərindən məyus olublar.

Müraciətdə Monte Melkonyanın 1990-cı illərdə Azərbaycanın
Kəlbəcər rayonunda son dərəcə amansız hərbi əməliyyatlarda iştirak
etməsinə, ağır cinayətlər törətməsinə baxmayaraq, Ermənistanda hələ
də açıq şəkildə qəhrəmanlaşdırıldığı diqqətə çatdırılıb. Onun bu
cinayətləri ötən əsrin 70-80-ci illərində Avropanın bir sıra
ölkələrində türk diplomatlara və onların ailə üzvlərinə qarşı
terror hücumları həyata keçirən ASALA terror təşkilatı ilə
əlaqələrindən sonra törətməsi xüsusi vurğulanaraq, bu faktların
M.Mrlkonyanın uzun müddət militant fəaliyyətlərdə iştirakının bariz
göstəricisi olduğu bildirilib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri M.Melkonyanın
adını daşıyan Hərbi-idman liseyinə Forumun üzvlük statusunun
verilməsinə dair memorandumun yaxın günlərdə imzalanacağının
gözlənildiyi vurğulayaraq, bəzi məsuliyyətsiz Aİ rəsmilərinin bu
terrorçunun Azərbaycan xalqı üçün nə ifadə etdiyini bilmədikləri
təqdirdə onları M.Melkonyanın Kəlbəcər rayonunun işğalı dövründə
çəkilmiş videogörüntülərinə baxmağa çağırıblar.

Müraciətdə, həmçinin Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin silahlı işğalında iştirak edən və ciddi hərbi
cinayətlərdə təqsirləndirilən şəxslərin, o cümlədən Monte Melkonyan
hələ də qəhrəmanlaşdırılması, Aİ-nin Azərbaycanla bağlı, xüsusilə
də ərazi bütövlüyü və dövlət suverenliyinə dair məsələlərdə ikili
yanaşmanın davam etdirməsinin müşahidə olunması təəssüf hissi ilə
vurğulanıb.

“Xüsusilə Azərbaycanın itkin düşmüş şəxslərinin ailələri
soruşurlar: irsi və fəaliyyəti qətliamlarla əlaqələndirilən Monte
Melkonyanın adını daşıyan bir qurum Aİ tərəfindən dəstəklənən bir
platformada necə təşviq oluna bilər? Biz Avropa İttifaqını bu
hörmətsiz addımı yenidən nəzərdən keçirməyə və terrorçunun adını
daşıyan bir qurumla bağlanmış razılaşmanı ləğv etməyə çağırırıq”, –
deyə müraciətdə qeyd olunub.

Müraciəti ünvanlayanlar Mariyana Kuyundiç ilə görüşərək Avropa
Komissiyasının Monte Melkonyan kimi terrorçunu necə və nə üçün
qəhrəmanlaşdırması barədə izahat verməsini tələb ediblər.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
Ramil İskəndərli, “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai
Birliyinin İdarə Heyətinin sədri Əmir Əliyev, “Konstitusiya”
Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Qarabağ İtkin
Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova, “Çapar-Milli
İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd,
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc
Əlizadə, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin
sədri Tünzalə Abduləlimova, “Şəhid Analarına Dəstək” İctimai
Birliyinin sədri Ceyran Həsənova, Azərbaycan Jurnalistlər Şəbəkəsi
İctimai Birliyinin sədri Ayaz Mirzəyev və “Ortaq Dəyərlər” İctimai
Birliyinin sədri Aqil Camal imzalayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir