Bakı.Trend:
Bu ilin noyabr ayında Bakının bütün rayonlarında qeyri-yaşayış
obyektlərinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə
artıb.
Bu barədə Trend-ə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”
İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi
Nərimanov rayonunda qeydə alınıb. Həmin rayonda qeyri-yaşayış
obyektlərinin bir kv.metrinin orta qiyməti 5041 manat təşkil edib
ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 25,8%
çoxdur.
Paytaxtın Yasamal rayonunda da qeyri-yaşayış obyektlərinin
qiymətlərində yüksək artım müşahidə olunub. Bu rayonda noyabrda
həmin tipli obyektlərin bir kv.metrinin orta qiyməti 7803 manata
bərabər olub (+24,7%).
Səbail və Nəsimi rayonları da qeyri-yaşayış obyektləri yüksək
göstəricilərlə seçilib. Səbaildə orta qiymət 8034 manat (+ 18,4% ),
Nəsimidə isə 5092 manat (+ 22,3% ) təşkil edib.
Noyabrda qeyri-yaşayış obyektlərinin bir kv.metrinin orta
qiyməti Xətai rayonunda 6021 manat (+ 10,2%), Nizami rayonunda 4061
manat (+ 17,3%), Binəqədi rayonunda 3536 manat (+ 9%), Sabunçu
rayonunda 4564 manat (+ 13,4%), Xəzər rayonunda 2241 manat (+
11,3%), Suraxanı rayonunda 3033 manat (+ 7,3%), Qaradağ rayonunda
2094 manat (+ 9,3%), Pirallahı rayonunda isə 2023 manat (+ 3,4%)
olub.
Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabr
ayında Bakının bütün rayonlarında qeyri-yaşayış obyektlərinin
qiyməti artıb.


