Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti Latviyanın tibb müəssisələri və universitetlərinin fəaliyyəti ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi
nümayəndə heyəti Latviyanın paytaxtı Riqa şəhərində səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın aparıcı tibb
müəssisələri, elmi-tədqiqat mərkəzləri və ali təhsil ocaqlarının
fəaliyyəti ilə tanış olub.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Riqa Beynəlxalq
İqtisadiyyat və Biznes İdarəçiliyi Məktəbinin (RISEBA) rəhbərliyi
ilə görüşüb. Qonaqlara məlumat verilib ki, 1992-ci ildə təsis
edilən RISEBA Latviyanın ən böyük özəl ali təhsil müəssisələrindən
biridir. Bundan əlavə, RISEBA dünyanın müxtəlif universitetləri və
təşkilatları ilə fəal əməkdaşlıq edərək, tələbələrə peşəkar
məqsədlərinə uyğun istiqamət seçməyə imkan verən müxtəlif təhsil
proqramlarını təklif edir

Riqa Şərq Universitet Xəstəxanasının Təcili yardım və pasiyent
qəbulu klinikası, eləcə də Travmatologiya və Ortopediya
Xəstəxanasına da səfər baş tutub. Xəstəxanaların infrastrukturu,
innovativ tibbi texnologiyaların tətbiqi və travmatologiya,
ortopediya, təcili yardım xidmətləri üzrə təcrübə mübadiləsi
imkanları müzakirə edilib.




Latviyanın “Grindeks” aparıcı əczaçılıq şirkətinin fəaliyyəti
ilə tanışlıq baş tutub. Farmasevtik istehsal prosesi, keyfiyyətə
nəzarət, dərman təhlükəsizliyi və yeni preparatların hazırlanması
sahəsində əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Riqa Stradinş Universitetinin Tibb Təhsil Texnologiyaları
Mərkəzi, Latviya Universitetinin Tibb və Həyat Elmləri fakültəsi,
eləcə də Uşaq Klinik Universitet Xəstəxanasında görüşlər keçirilib.
Tibbi təhsilin modernləşdirilməsi, simulyasiya mərkəzlərində birgə
təlimlər, pediatriya sahəsində elmi və klinik əməkdaşlıq barədə
fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti E. Qulbis laboratoriyasında Latviya Tibb
İşəgötürənləri Assosiasiyası (VADDA) ilə görüşüb. Görüşdə laborator
xidmətlərin təşkili, diaqnostik imkanların genişləndirilməsi və
müasir laborator standartların tətbiqi üzrə əməkdaşlıq məsələləri
müzakirə olunub.

Səfər Azərbaycan və Latviya arasında tibb elmi, klinik təcrübə
və səhiyyə xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi
baxımından mühüm rol oynayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir