
Bakı. Trend:
İranın Azərbaycanla münasibətləri böyük əhəmiyyət kəsb edir.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün (7 dekabr) Tehranda keçirilən mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, İran və Azərbaycan arasında qonşuluq,
mədəniyyət, tarixi ortaqlıq bağları vardır. İran diplomatik
səfərlərlə iki ölkə arasındakı münasibətlərin artmasına
çalışır.
“İran çox önəmli olan Qafqaz regionunda sülh və sabitliyin
möhkəmlənməsinə kömək etməyə çalışır”, -deyə o qeyd edib.
Nazirlik rəsmisi deyib ki, İran xarici işlər naziri Seyid Abbas
Araqçi bu gün Bakıya səfər edəcək. Sabah bir neçə görüşün
keçirilməsi nəzərdə tutulub.

