
Macarıstan və Slovakiya Avropa Komissiyasının gələn həftə Aİ ölkələrinin səsverməsinə çıxarmağı planlaşdırdığı Rusiyadan neft və qaz tədarükünə qadağa qərarını Aİ Məhkəməsində mübahisələndirməyə hazırlaşır.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
Onun sözlərinə görə, Brüsselin belə bir qadağanı səsverməyə çıxarmaq niyyəti həm Macarıstanın, həm də Slovakiyanın etibarlı enerji təchizatını mümkünsüz edəcək və qiymətlərin kəskin artmasına səbəb olacaq.
“Brüssel gələn həftə Rusiyadan neft və təbii qazın Avropaya idxalına qadağa qərarını səsverməyə çıxarmaq istəyir. Bu diktat ölkəmizin və Slovakiyanın enerji təhlükəsizliyini tamamilə pozacaq və qiymətlərin kəskin yüksəlişinə gətirib çıxaracaq”, – Siyarto Facebook hesabında yazıb.

