Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı
Həftə – 2025”in açılış mərasimi keçirilir.

Trend xəbər
verir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə
təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində
əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı
anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi
daşıyır.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbir ölkəmizin
beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda
multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə
verdiyi töhfəni bir daha nümayiş etdirir.

Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,
İslam dəyərlərinin – tolerantlıq, sülh və müxtəlifliyə hörmətin
təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat,
təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv
dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı
sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi
nəzərdə tutulur.




Tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm,
mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Bu
isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər
ətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsində
təxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu”
(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər
sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino
proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış
dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq
sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri
ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir