
Bakı. Trend:
Audiovizual Şura bugünədək televiziya və radio kanallarında
reklam çarxlarında əcnəbi sözlərin istifadəsini demək olar ki,
tamamilə qarşısını alıb.
Trend xəbər
verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli
Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası:
Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda
çıxışı zamanı deyib.
Sədr bildirib ki, televiziyalarda və radiolarda artıq nadir
hallarda xarici sözlərlə rastlaşmaq mümkündür:
“Halbuki 10–15 il əvvəl reklam çarxlarında tez-tez ingiliscə,
rusca və ya digər xarici sözlər istifadə olunurdu”.
İ.Səttarov vurğulayıb ki, reklam çarxlarının əhəmiyyəti xüsusilə
böyükdür, çünki verilişlərdən fərqli olaraq reklamlar hər gün bir
neçə dəfə, bəzən illərlə təkrarlanır və sözlər insanların yaddaşına
hopur:
“Bu vəziyyət həm qanunvericilik imkanları, həm də kanallarla
əvvəlcədən razılaşdırılan sistem vasitəsilə nəzarət edilir.
Nəticədə bir çox çarxlarda əcnəbi sözlərin istifadəsi artıq
minimuma endirilib.
Buna baxmayaraq, verilişlərdə və proqramlarda vəziyyət daha
mürəkkəbdir. Burada həm obyektiv, həm də subyektiv səbəblər
mövcuddur. Məsələn, hər gün təxminən 800 saatlıq efir materialını
yalnız 6 nəfərdən ibarət monitorinq şöbəsi izləyir. Fiziki olaraq
bu qədər çox materialı həm televiziya, həm də radio üzrə izləmək və
qeyd etmək çətindir.
Biz 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözü müəyyən etdik və
proqram vasitəsilə 2 həftə ərzində kanalları monitorinq etdik.
Nəticədə bu sözlərin üç minə yaxın dəfə istifadə olunduğu
aşkarlandı.
Bu sistem bizə böyük yardım edir, çünki artıq yanvar ayından
etibarən kanallara məlumat göndəriləcək, ilk 3 ay ərzində
aparıcıların və verilişlərin istifadə etdiyi sözlər barədə hesabat
veriləcək. Aparıcılar özləri nəticə çıxarmalıdır. 3 aydan sonra isə
Şura dilin qorunması ilə bağlı qanunvericilik tədbirlərini həyata
keçirəcək. Qanunda nəzərdə tutulmuş cərimələr 500–1000 manat
arasıdır. Biz məqsədli şəkildə medianı cərimə etməyi düşünmürük,
amma dilin qorunması üçün başqa çıxış yolu yoxdur”.

