
Bakı. Trend:
Gənclər ölkənin inkişafı üçün strateji resursdur.
Trend xəbər verir
ki, bunu Özbəkistanın Oliy Məclisinin Qanunverici palatasının elm,
təhsil, mədəniyyət və gənclərlə bağlı məsələlər üzrə komitəsinin
üzvü Mədinə Baratova Bakıda keçirilən Azərbaycan Respublikası
Konstitusiyasının 30 illiyinə və Milli Məclisin 107-ci ildönümünə
həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın
konstitusionalizminin və parlamentçiliyinin qurucusu” mövzusunda
beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bir çox ölkələrin, o cümlədən Azərbaycanın
konstitusiyasında gənclərin maraqları xüsusi yer tutur, çünki məhz
gənclər dövlətin inkişafı üçün strateji resurs hesab olunur.
“Konstitusiyada hər bir gəncin təhsil almaq hüququ təsbit
olunub. Bu, sadəcə məktəbə və ya ali məktəbə qəbul demək deyil. Bu,
keyfiyyətli bilik almaq, hərtərəfli inkişaf etmək, yaradıcılıq və
elmi axtarış azadlığı hüququ deməkdir. Konstitusiyada gənclərin
ictimai həyatda iştirak hüquqları təsbit edilib”, – deyə o
bildirib.
Baratova onu da vurğulayıb ki, gənclər öz fikirlərini ifadə edə,
ölkədə dəyişikliklərdə iştirak edə, siyasi və sosial proseslərin
fəal iştirakçıları ola bilərlər. Onun sözlərinə görə, dövlətin öz
növbəsində gəncləri dəstəkləmək və gənclər siyasəti institutlarını
inkişaf etdirmək öhdəliyi var.

