Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq – Səhiyyə Nazirliyindən yeni texnologiya barədə açıqlama

Baş səhifə

Bakı. Trend:

Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə
önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə
yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi
müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir.

Donor qanı hansı infeksiyalara qarşı yoxlanılır? Qan
komponentlərinin təhlükəsizliyi necə təmin olunur? Qan
analizlərinin nəticələrində ciddi infeksiyalar aşkarlandığı zaman
hansı addımlar atılır?

Trend xəbər verir ki, bu və
digər suallara Səhiyyə Nazirliyi Respublika Qan Bankının
Klinik-diaqnostik laboratoriyasının müdiri Sevinc Məhərrəmova
aydınlıq gətirir.

– Sevinc xanım, ilk öncə bilmək istərdik ki, donor qanı hansı
infeksiyalara qarşı yoxlanılır?

– Donor qanı və onun komponentlərinin köçürülməsi zamanı əsas
məqsəd təhlükəsizliyi təmin etməkdir. Resipientə (qan köçürülən
şəxs) keçə biləcək infeksiya risklərinin minimallaşdırılması bütün
transfuziya xidmətlərinin başlıca prioritetidir. Bu səbəbdən donor
qanı ciddi laborator nəzarətdən keçirilməlidir.
Səhiyyə Nazirliyi Respublika Qan Bankında donor qanı İİV (QİÇS),
Hepatit B, C, sifilis infeksiyalarına qarşı seroloji və NAT üsülu
ilə yoxlanılır. Seroloji testlər antigen və ya anticisimlərin
aşkarlanmasına əsaslanır. NAT testi isə virusun genetik materialını
birbaşa pəncərə dövründə – infeksiyanın ilkin mərhələsində
aşkarlayır, daha həssas və erkən diaqnostik nəticə verir.

Donor qanına dair aparılan bütün infeksion testlərin nəticələri
mütləq şəkildə neqativ olmalıdır. Yəni, qan nümunəsində heç bir
infeksion agent – nə virus, nə əlaməti aşkar edilməməlidir.
Testlərdən hər hansı biri pozitiv çıxarsa və ya nəticə şübhəli
olarsa, həmin qan vahidinin tibbi istifadəsinə icazə verilmir və
qan dərhal istismardan çıxarılır. Belə hallarda nəticələr barədə
məlumat verilir və donor əlavə tibbi müayinəyə yönləndirilir.
Məqsəd yalnız qan alıcısının təhlükəsizliyini təmin etməklə yanaşı,
eyni zamanda donorun sağlamlıq probleminin erkən aşkarlanması və
nəzarətə götürülməsidir. Bu proses həm donorun, həm də cəmiyyətin
sağlamlığının qorunmasına yönəlmiş mühüm addımdır.

Hər bir donorun məlumatları, laborator nəticələri, yoxlama
protokolları və qərar sənədləri Qan Bankının və ya laboratoriyanın
informasiya idarəetmə sisteminə daxil edilir.

– Səhiyyə Nazirliyi Respublika Qan Bankında qan nümunələrinin
laborator müayinəsi hansı mərhələlərdən ibarətdir və bu prosesdə
beynəlxalq standartlara necə əməl olunur?

– Səhiyyə Nazirliyi Respublika Qan Bankında qan nümunələrinin
laborator müayinəsi donor qanının təhlükəsizliyini təmin etmək
məqsədilə ardıcıl və elmi əsaslara söykənən mərhələlər üzrə həyata
keçirilir. Bu proses zamanı qan və onun komponentləri müasir
avadanlıqlarda seroloji, immunhematoloji, molekulyar-bioloji
testlərdən keçirilir. Bütün testlərin əsas məqsədi qan vasitəsilə
ötürülə biləcək yoluxucu infeksiyaları (İİV, Hepatit B, Hepatit C,
sifilis) aşkarlamaq və belə halların qarşısını almaqdır.

Qan təhlükəsizliyinin təmin olunması sahəsində Səhiyyə Nazirliyi
Respublika Qan Bankı beynəlxalq praktikaya əsaslanır. NAT (Nucleic
Acid Testing – Nuklein Turşusu Testi) texnologiyasına keçid
beynəlxalq standartlara uyğunluğun daha da gücləndirilməsinə imkan
verib. Bu texnologiya, infeksiyaların “pəncərə dövründə” aşkar
edilməsinə şərait yaradır və donor qanının daha yüksək dəqiqliklə
yoxlanmasını təmin edir. NAT texnologiyasının tətbiqi sayəsində qan
təhlükəsizliyi sahəsində WHO, EU Directives, ISO 15189 və GMP kimi
beynəlxalq standartlara uyğunluq təmin edilib.

– Qan Bankında aparılan seroloji və NAT testləri nəyi göstərir
və onların fərqi nədədir?

– Seroloji testlər donor qanında viruslara qarşı yaranmış
anticisimləri (antikorları) aşkar edir. Bu testlər vasitəsilə
hepatit B (HBV), hepatit C (HCV), İİV (HİV), sifilis
infeksiyalarına qarşı yaranmış immun cavab qiymətləndirilir.
Seroloji analizlər əsasən donorun keçmişdə və ya hazırda bu
infeksiyalara yoluxub-yoluxmamasını müəyyən etməyə xidmət edir.

NAT testləri virusların genetik materialını – yəni DNT və ya
RNT-sini – birbaşa aşkar edir. Bu testlər infeksiyanın ən erkən
mərhələsində, hələ immun cavab formalaşmadan, virusun mövcudluğunu
müəyyən etməyə imkan verir. NAT texnologiyası çox yüksək həssaslıq
və spesifiklik dərəcəsinə malikdir və seroloji testlərlə müqayisədə
«pəncərə dövrünü» əhəmiyyətli dərəcədə qısaldır. Bu isə o deməkdir
ki, NAT testləri ilə yoluxmuş, lakin seroloji olaraq hələ aşkar
olunmayan donor qanı daha erkən mərhələdə müəyyən edilə bilər.
Bu testlər hepatit B, hepatit C və İİV kimi infeksiyalar üçün geniş
tətbiq olunur və donor qanının təhlükəsizliyinin artırılmasında
mühüm rol oynayır. Beləliklə, seroloji testlər immun cavabı
qiymətləndirərək, yoluxmanın olub-olmadığını göstərir, NAT testləri
isə virusun özünün genetik materialını birbaşa aşkar edir.
Hər iki üsul bir-birini tamamlayaraq, donor qanının tam
təhlükəsizliyini təmin etmək məqsədilə paralel şəkildə tətbiq
olunur. Səhiyyə Nazirliyi Respublika Qan Bankında bu testlərin hər
ikisinin tətbiqi beynəlxalq protokollara və Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyələrinə uyğun şəkildə həyata keçirilir.




– Qan komponentlərinin təhlükəsizliyi necə təmin olunur?

– Qan komponentlərinin təhlükəsizliyi bir neçə əsas mərhələ və
beynəlxalq tələblərə uyğun yanaşmalar əsasında təmin olunur. İlk
növbədə donorların seçimi ciddi tibbi göstəricilər, anket sorğuları
və fiziki müayinə ilə aparılır. Potensial riski olan şəxslər
donorluqdan kənarlaşdırılır. Donor qanı götürüldükdən sonra
seroloji və molekulyar səviyyədə NAT testləri tətbiq olunur.

Testlərin nəticələrinə əsasən yalnız təhlükəsiz olduğu
təsdiqlənmiş qan nümunələri sonrakı emala yönləndirilir. Qanın
emalı prosesində hər bir komponent (eritrosit kütləsi, plazma,
trombositlər) ayrılır və uyğun temperatur, vaxt və
sanitar-gigiyenik şəraitdə saxlanılır. Hər bir qan komponenti
unikal identifikasiya nömrəsi ilə qeyd olunur və donorla resipient
arasında əlaqə sistem vasitəsilə saxlanılır. İstənilən təhlükəli
hadisə və ya mənfi reaksiya qeydə alınır və analiz olunur.

Bütün bu tədbirlər qan komponentlərinin tam təhlükəsizliyini
təmin etmək və resipient üçün hər hansı infeksion və ya bioloji
riski minimuma endirmək məqsədi daşıyır.

– Donor qanında aşkarlanan hansı göstəricilər qan verməyə
müvəqqəti və ya daimi əks göstəriş hesab olunur?

– Donor qanında aşkarlanan bəzi göstəricilər donorun sağlamlıq
vəziyyətinə və qan komponentlərinin resipient üçün təhlükəsizliyinə
təsir etdiyindən, qanverməyə müvəqqəti və ya daimi əks göstərişlər
yaradır. Bu göstəricilər bir sıra infeksion və qeyri-infeksion
markerlərə əsaslanır. Müvəqqəti əks göstərişlər donorun
vəziyyətində müəyyən müddət ərzində dəyişiklik olduqda (məsələn,
qısamüddətli infeksiya, dərman qəbulu, əməliyyat, peyvənd və s.)
tətbiq edilir. Daimi əks göstərişlər isə donorun qanvermə
qabiliyyətini və qan komponentlərinin təhlükəsizliyini davamlı
şəkildə poza biləcək hallarda (xroniki infeksiyalar, onkoloji və
hematoloji xəstəliklər, bəzi sistem xəstəlikləri və s.) tətbiq
olunur.

Ən çox rast gəlinən daimi əks göstərişlərə İİV (QİÇS), Hepatit
B, Hepatit C, sifilis və ya onların markerlərinin aşkarlanması
daxildir. Bu hallarda donor ömürlük olaraq qanvermədən
uzaqlaşdırılır. Bundan əlavə, prion xəstəlikləri, xroniki autoimmun
xəstəliklər (məsələn, sistemik qırmızı qurd eşənəyi), epilepsiya,
psixi pozuntular və bəzi kardio-vaskulyar xəstəliklər də daimi əks
göstərişlərə aiddir.

Müvəqqəti əks göstərişlərə isə yaxın zamanda keçirilmiş
qızdırmalı xəstəliklər, peyvəndləmə (canlı və ya ölü vaksinlərdən
asılı olaraq 2 həftədən 4 həftəyə qədər müddət), cərrahi müdaxilə
və ya stomatoloji prosedurlar (məsələn, diş çəkilməsi və ya
implant), səfərlər zamanı malyariya və ya digər tropik
xəstəliklərin endemik bölgələrinə getmək, cinsi yolla keçən
infeksiyalara şübhə yaradan halların olması, bəzi dərmanların
(antibiotik, immunosupressiv preparatlar və s.) qəbulu kimi hallar
daxildir. Bu zaman donor müəyyən müddət ərzində qanvermədən
uzaqlaşdırılır və vəziyyəti təkrar qiymətləndirilir. Nəticə
etibarilə, donor qanında aşkarlanan bu göstəricilərə həm donorun
sağlamlığını, həm də resipientin təhlükəsizliyini qorumaq üçün
müasir laborator analizlər və klinik protokollar vasitəsilə ciddi
şəkildə nəzarət olunur.

– Qan analizlərinin nəticələrində ciddi infeksiyalar
aşkarlandığı zaman bu barədə donor necə məlumatlandırılır və hansı
addımlar atılır?

– Donor qanında ciddi infeksiyalar, xüsusilə də qanla ötürülən
infeksion xəstəliklər (məsələn, Hepatit B, C, İİV, sifilis) aşkar
edildikdə, qan tədarükü prosesinin təhlükəsizlik prinsiplərinə və
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qanunvericilik
aktlarına uyğun olaraq, dərhal müvafiq prosedurlar həyata
keçirilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin qan
donorluğu ilə bağlı normativ hüquqi aktlarına və müvafiq beynəlxalq
protokollara əsasən, belə hallarda donorun verdiyi qan istifadədən
çıxarılır və xüsusi qaydada utilizasiya olunur. Bununla yanaşı,
donorun identifikasiyası qorunmaqla, onun məlumatları donor
qeydiyyat sistemində xüsusi qeyd edilir.

Donorda aşkarlanan müsbət və ya şübhəli nəticələr laboratoriya
tərəfindən təsdiqləndikdən sonra bu nəticələr bir daha təkrar
testlərlə yoxlanılır (“retesting” və “confirmatory testing”
mərhələləri). Nəticələrin təsdiqlənməsi halında donorun fərdi
məlumatları qorunmaqla, tibb müəssisəsinin səlahiyyətli şəxsləri
tərəfindən məlumatlandırılır. Donorla əlaqə zamanı həm diaqnostik
nəticələr barədə, həm də bu nəticələrin klinik əhəmiyyəti və
potensial sağlamlıq riski haqqında aydın və peşəkar məzmunlu
məlumat verilir. Eyni zamanda, donorun bu məlumatları qəbul etməsi
könüllülük və tibbi etik qaydalar çərçivəsində aparılır. Donora
sonrakı diaqnostik təhlillər və konsultasiyalar üçün tibb
müəssisəsinə müraciət etməsi tövsiyə olunur.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, donorun
şəxsi məlumatlarının konfidensiallığı qorunmalıdır və bu məlumatlar
yalnız müvafiq tibb heyəti və nəzarət qurumları ilə paylaşılır.
Donorun razılığı olmadan onun sağlamlıq vəziyyəti barədə
məlumatların üçüncü tərəflərə ötürülməsi yolverilməzdir. Bundan
əlavə, donorun sağlamlıq vəziyyətinə dair məlumatlar
mərkəzləşdirilmiş məlumat bazasında qeyd olunur və gələcək donorluq
fəaliyyəti üçün müvafiq məhdudiyyətlər tətbiq oluna bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir