
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil
Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holding”in
maliyyə dəstəyi ilə reallaşdırılan “Qarabağ KOB-ları layihəsi”nin
2025-ci ildə icrasına dair tədbir keçirilib.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları
və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb
olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri
iştirak ediblər.
Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi,
ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin
əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə
başlayıb.
Sonra “Qarabağ KOB-ları” layihəsinin 2025-ci il üzrə icrasına
dair video çarx nümayiş olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev şəhid
ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi sahəsində
aparılan işləri diqqətə çatdırıb. O, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi
Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə Nazirlik
tərəfindən şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132
min şəxsə 406 min xidmət göstərildiyini, o cümlədən onlardan 28,6
min nəfərin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu bildirib.
Nazir işğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərlə bağlı
işəgötürənlərlə əməkdaşlıq şəraitində icra olunan aktiv məşğulluq
proqramlarını qeyd edib. Ötən dövrdə 111 min şəxsin özünüməşğulluq
proqramına cəlb olunduğunu bildirən Anar Əliyev “Qarabağ KOB-ları”
layihəsinin şəhid ailələrinin, müharibə iştirakçılarının, onların
ailə üzvlərinin məşğulluq imkanlarının yaradılmasına xidmət edən
mühüm təşəbbüs olduğunu qeyd edib. O, sosial tərəfdaşlıq prinsipi
əsasında reallaşdırılan layihənin əhalinin məşğulluğuna bundan
sonra da öz töhfəsini verəcəyinə əminliyini bildirib, sosial sahədə
dəstəyə görə KOBİA-ya, “Paşa Holdinq”ə və layihədə əməyi olan
şəxslərə təşəkkür edib.
Milli Məclisin sədr müavini Musa Qasımlı “Qarabağ KOB-ları
layihəsi”nin işğaldan azad olunmuş bölgələrdə kiçik və orta
biznesin inkişafına və qazilərin, şəhid ailələrinin sosial rifahına
töhfə verdiyini qeyd edib. O, həmçinin layihənin davamlı şəkildə
dəstəklənməsinin və uğurlu nəticələrinin gələcəkdə digər regionlara
da tətbiq edilməsinin vacibliyini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları
layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən
diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə
iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin
sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına
dəstək məqsədilə icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə
yeni biznes subyektlərinin yaradılması baxımından da
əhəmiyyətlidir. 2025-ci ildə layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə,
Goranboy və Mingəçevirlə yanaşı, Füzuli, Xocalı, Laçın və Şuşa
şəhərlərini də əhatə edib. Ümumilikdə cari ildə 100 nəfər biznes və
peşə təlimlərinə cəlb olunub. Təlimləri uğurla başa vuran
iştirakçılar özünüməşğulluq proqramı çərçivəsində seçdikləri
istiqamətlər üzrə avadanlıqlarla təmin olunub və proses hazırda da
davam etdirilir. Ümumilikdə 2023-cü ildən həyata keçirilən layihəyə
indiyədək 220 nəfər cəlb olunub. “Qarabağ KOB-ları” layihəsi
2026-cı ildə də davam edərək, daha çox şəhid ailəsi və qazilərimizə
dəstək verməyə davam edəcəkdir.
Həmçinin, “Qarabağ KOB-ları layihəsi”nə cəlb edilmiş şəhid
xanımı, “Oxloff” çörək və şirniyyat evinin təsisçisi Sonaxanım
Abbasova və “PAŞA Holding” MMC-nin direktor müavini Rövşən
Allahverdiyev layihə barədə təəssüratlarını bölüşüblər.
Tədbir çəçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə
auksionu da keçirilib.

