
Bakı. Trend:
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi ilə birgə bir sıra texniki reqlament
layihələrini ictimai dinləmə və müzakirəyə çıxaracaq.
Bu barədə Trend agentliyə istinadən xəbər verir.
Belə ki, sözügedən qurumlar tərəfindən 9 dekabr 2025-ci il, saat
10:00-da “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları tərəfindən
hazırlanmış “Partlayış təhlükəli mühitlərdə istifadə olunan
avadanlığın təhlükəsizliyi haqqında”, “Partlayıcı maddələrin və
onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”,
“İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında”, “Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər
haqqında”, “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen
xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş
məhsulların təhlükəsizliyi haqqında”, “Pirotexniki məmulatların
təhlükəsizliyi haqqında” və “Fərdi mühafizə vasitələrinin
təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai
dinləmə və müzakirəsi keçiriləcək.
Vətəndaş cəmiyyəti institutları, sahibkarlıq subyektləri,
istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər
təşkil olunacaq görüşə
https://bit.ly/3MhJ2hr linki üzərindən onlayn qaydada qoşula və
müzakirələrdə iştirak edə bilərlər:
Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament
layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı
tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının
təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və
onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə
çatdırılması məqsədilə aparılacaq.
İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə
dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin
tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla
razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.
Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin
Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin
“Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi”
alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi)
də yerləşdirilib.

