
Bakı. Trend:
ATƏT-in Minsk qrupu Ermənistan – Azərbaycan münaqişəsinin
nizamlanması məsələsində açıq aşkar bacarıqsızlığını nümayiş
etdirdi.
Trend xəbər verir
ki, bunu bu gün Azərbaycan Respublikasının Milli Məclisinin
deputatı, Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvü Nizami
Səfərov Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının
30 illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizminin
və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransın
gedişində deyib.
Onun sözlərinə görə, ötən əsrin ikinci yarısının sonunda
Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək prosesi ölkəmizə
qarşı beynəlxalq hüquqa kobud şəkildə zidd olan ərazi iddialarına
əsaslanan Ermənistanın silahlı təcavüzü ilə üzləşdi.
N. Səfərov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla
bağlı dörd qətnaməsi – Ermənistan silahlı qüvvələrinin işğal
olunmuş rayonlardan dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxmasını
tələb edən sənədlər eləcə kağız üzərində qaldı.
Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsi və
qısamüddətli antiterror tədbirləri nəticəsində ölkənin bütün
ərazisində öz suverenliyini və konstitusiya hüquqi qaydasını tam
bərpa edib.
N. Səfərov əlavə edib ki, hazırda ölkənin siyasi rəhbərliyi
məqsədyönlü şəkildə sülh gündəliyini həyata keçirir və bunun bariz
nəticəsi kimi 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan
arasında birgə Bəyannamənin imzalanması və sülh sazişi mətninin
paraflanması qeyd olunmalıdır.

