
Bakı. Trend:
Avropa İttifaqı Şurası Avropa Müdafiə Sənayesi Proqramını (EDIP)
rəsmən təsdiqləyib.
Trend Şuranın
saytına istinadla xəbər verir ki, proqram Avropa İttifaqının
müdafiə hazırlığının gücləndirilməsini və Avropa Müdafiə
Texnologiya-Sənaye Bazasının (EDTIB) rəqabət qabiliyyətinin
artırılmasını hədəfləyir.
Bu qərar qanunvericilik prosesinin son mərhələsi olmaqla,
proqramın vaxtında icrasına hüquqi zəmin yaradır. Sənəd
çərçivəsində 2025-2027-ci illərdə ümumilikdə 1,5 milyard avro
məbləğində qrant ayrılması nəzərdə tutulur. Bu məbləğin 300 milyon
avrosu Ukraynanın müdafiə sənayesinin modernləşdirilməsi və
dəstəklənməsi məqsədilə yaradılan xüsusi “Ukraynaya dəstək aləti”nə
yönəldiləcək.
EDIP, həmçinin istehsal gücünün artırılması və kritik
əhəmiyyətli müdafiə məhsullarının tədarükünün sürətləndirilməsini
dəstəkləyəcək. Proqram azı üç ölkənin, o cümlədən azı iki Aİ
üzvünün iştirakı ilə birgə satınalma layihələrinin
maliyyələşdirilməsini nəzərdə tutur.
Proqramda məhsulların komponentlərinin ümumi dəyərinin 35
faizindən çoxunun Aİ və assosiasiya olunmuş ölkələrdən kənar
mənbələrdən təmin edilməsinə məhdudiyyət qoyulur. Eyni zamanda, Aİ
səviyyəsində müdafiə təchizat zəncirlərinin dayanıqlığının
gücləndirilməsi üçün ilk dəfə “təchizat təhlükəsizliyi” mexanizmi
təsis edilir.

