
Bakı. Trend:
“Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”
qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda
qəbul edilib.
Trend-in
məlumatına görə, qanun layihəsi parlamentin bugünkü plenar
iclasında müzakirəyə çıxarılıb.
Məlumat üçün bildirək ki, dövlət sosial müdafiə fondunun (o
cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında
qalan sərbəst vəsait “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq
növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
investisiyaya yönəldiləcək.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara
nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə
vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil
olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin
balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin
maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin
məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət
sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq
daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi
dövlət sosial sığorta haqları arasındakı fərq qədər
azaldılacaq.
Fondun xərclərinin maliyyələşmə
mənbəyi
Fondun 2026-cı il büdcəsinin ümumi gəlirləri 8323,10
mln. manat proqnozlaşdırılır ki, bu da 2025- ci ilin
təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə
705,70 mln. manat və ya 9,26 faiz
çoxdur.
Fondun 2026-cı il üçün məcburi dövlət sosial sığorta haqları
üzrə gəlirlərinin 6591,10 mln. manat və ya fondun
ümumi gəlirlərinin 79,19 faizi qədər təşkil
edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş
müvafiq proqnoz məbləği göstəricisi ilə müqayisədə 593,70
mln. manat və ya 9,90 faiz çoxdur.
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmaların proqnozunun 2109,12 mln. manatı və
ya 32,0 faizi büdcədən maliyyələşən təşkilatların,
4481,98 mln. manatı və ya 68,0
faizi qeyri-büdcə sektorunun payına düşür ki, bu da
2025-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən
istiqamətlər üzrə müvafiq olaraq 73,36 mln. manat
və ya 3,60 faiz və 520,34 mln.
manat və ya 13,13 faiz çoxdur.
Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən
(işçilərlə bağlı ödənişlər nəzərə alınmadan fərdi sahibkarların
özləri üçün ödənilən) məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 2026-cı ildə minimum əməkhaqqının 400,0
manat həddində 103,5 mln. manat
proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqlarının proqnoz
göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas
makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı
göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda
2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə
1170,8 manat göstərilir.
2026-cı ildə dövlət öhdəliklərinin ümumi məbləği 3613,68
mln. manat təşkil etsə də, 2026-cı ildə dövlət sosial
müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət
büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsait məbləği 1700,00 mln.
manat nəzərdə tutulur. Bu məbləğ ümumi dövlət öhdəliyinin
47,04 faizini təşkil etməklə 2025-ci ilin təsdiq
olunmuş proqnozundan cəmi 100,00 mln. manat və ya
6,25 faiz çoxdur.
2026-cı ildə hesablanmış faizlər, maliyyə sanksiyaları və s.
üzrə daxilolmaların 32,0 mln. manat məbləğində
olması ehtimal edilir ki, bu da əvvəlki ilin gözlənilən
göstəricisinə nisbətən 2,0 mln. manat və ya
6,67 faiz çoxdur.
Fondun xərcləri
Fondun 2026-cı il üçün xərcləri 8483,07 mln.
manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş
proqnoz göstəricisinə nisbətən 806,65 mln. manat
və ya 10,51 faiz çoxdur.
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln.
manat həcmində və ya fondun ümumi xərclərinin 96,62
faizi səviyyəsində proqnozlaşdırılır.
Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin
7992,88 mln. manatı əmək pensiyalarının,
203,57 mln. manatı isə məcburi dövlət sosial
sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə
yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş
proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən
787,51 mln. manat və ya 10,63
faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarının
ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52
faizini təşkil edir.
2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin proqnoz
göstəricisi (cəmi 7992,88 mln. manat) 2025-ci ilin
təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,85
faiz və ya 782,35 mln. manat çox nəzərdə
tutulur. Əmək pensiyalarının proqnozunun hesablanması zamanı
2025-ci ilin sonuna pensiyaların aylıq məbləğinin 602,0
mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq
dəyişkənlik dinamikası nəzərə alınaraq 2026-cı ildə pensiya
xərclərinin 7992,88 mln. manat təşkil edəcəyi
proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin rəsmi məlumatı əsasında nominal
əməkhaqqı üzrə 2025-ci ildə artım tempinin 9,2
faiz təşkil etməsi nəzərə alındıqda 2026-cı ildə əmək
pensiyalarının indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün
təqribən 635,59 mln. manatadək olması gözlənilir.
Nominal əməkhaqqı üzrə göstərici dəyişəcəyi təqdirdə, pensiya və
bəzi məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən
müavinət növləri üzrə proqnozlaşdırılan xərc göstəricilərində
dəyişikliklər mümkündür. Belə ki, artım tempinin əlavə olaraq cəmi
1 faizədək dəyişməsinin təkcə illik pensiya
xərclərinə təsiri təqribən 72,0 mln. manat
ətrafında gözlənilir.
2026-cı ildə məcburi dövlət sosial sığorta haqları hesabına
verilən müavinətlərin proqnozu 203,57 mln. manat
məbləğində nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq edilmiş
proqnozunu 2,60 faiz və ya 5,16
mln. manat üstələyib.

