
Bakı. Trend:
Şahdəniz konsorsiumu bu ilin əvvəlində təsdiqlənmiş Şahdəniz
Kompressiya (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək
məqsədilə daha bir mühüm tikinti müqaviləsinin imzalandığını
məmnuniyyətlə elan edir.
Trend bu barədə
bp-yə istinadən xəbər verir.
156 milyon ABŞ dolları dəyərində olan bu müqavilə ŞDK
platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə
edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO”
şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.
Müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə
mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun
və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və
yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də
hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi
və bərkidilməsi işləri daxildir.
Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”-ə məxsus Heydər
Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma
sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və
resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb
olunacaq işçi qüvvəsinin təxminən 97%-nin Azərbaycan
vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2
milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində
işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin
birinci rübündə tamamlanması planlaşdırılır.
bp-nin layihə üzrə baş meneceri İlqar Məmmədov:
“Bu, ŞDK layihəsi və operator olaraq bp şirkəti üçün növbəti
mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini,
uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni
təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək
standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks
etdirir.
“BOS Shelf” şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma
sahəsində Azəri-Çıraq-Günəşli və Şahdəniz 2 platformaları üçün 11
dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə
tam əminlik yaradır ki, ŞDK platformasının dayaq bloku da qrafikə
uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ
tikinti-quraşdırma sahəsinin iri həcmli modernləşdirmə tələb
etmədən dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə
olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi
üçün əsas amillərdən biridir.”

