
Bakı. Trend:
8 dekabr 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun sifarişi
ilə hazırlanan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının
Hekayəsi” innovativ kitab layihəsinin təqdimat mərasimi
keçirilib.
Trend xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri,
Milli Məclisin deputatları, Vətən uğrunda canlarını fəda edən
şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları, Fondun
donor və tərəfdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, daha sonra Vətənin suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə
Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Dirçəlişi: Azərbaycan
İntibahının Hekayəsi” kitabının əhəmiyyəti və hazırlanma prosesi
ilə bağlı geniş məlumat verib.
Qeyd olunub ki, bu kitab Qarabağın tarixini, işğal dövrünü, azad
olunmasını, bərpa prosesini və gələcəyə baxışını mətn,
fotoşəkillər, eləcə də rəsmi şəxslərin, dövlət nümayəndələrinin və
ekspertlərin müsahibələrini, o cümlədən doğma torpaqlarından
didərgin düşmüş insanların xatirələrini də özündə birləşdirməklə
geniş şəkildə işıqlandırır: “500-ə yaxın səhifəni əhatə edən
“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” sadəcə bir
kitab deyil – mətn, fotoşəkillər və interaktiv rəqəmsal
materiallarla zənginləşdirilmiş, Qarabağın dirçəliş hekayəsini
oxucunun qarşısında bütün rəngləri ilə canlandıran bir
salnamədir”.
Qeyd olunub ki, “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının
Hekayəsi” kitabı layihə çərçivəsində yaradılan xüsusi rəqəmsal
ekosistemin tərkib hissəsidir.
Belə ki, kitab boyunca yerləşdirilən yüzlərlə QR-kodlar
vasitəsilə oxucular layihənin tərkib hissəsi olan www.book.revival.az
internet saytı və digər onlayn resurslarda yerləşən materiallara
keçid edə, genişləndirilmiş fotoqalereyaları, eksklyuziv
müsahibələrin tam video və mətn yazılarını, tarixi ədəbiyyatı və
digər materialları izləyə bilərlər.
Eyni zamanda qeyd olunmalıdır ki, https://book.revival.az/estore/
ünvanda yerləşən onlayn-mağazaya keçid edib və Fonda ianə etməklə
istənilən kitabı say və müxtəlif nəşrlərdə (o cümlədən Klassik,
Prestij və Signature Collection) əldə etmək mümkündür.
Ekosistemə daxil olan Feniks quşu şəklində yaradılan “Zəfər AI” süni intellekt
əsaslı bələdçi isə oxuculara kitabın məzmunu və
ümumilikdə Qarabağ və Şərqi Zəngəzurun tarixi, işğalı və hazırda
baş verən dirçəlişi barədə geniş məlumat təqdim edir.
Məhz bu xüsusiyyətlər nəşri klassik kitab çərçivəsindən
çıxararaq onu dinamik, interaktiv və müasir nəsillərin oxu
vərdişlərinə uyğunlaşdırılmış innovativ bir layihəyə çevirir.
Qarabağın münaqişə regionundan sülh və dirçəliş regionuna
çevrildiyini deyən Rəhman Hacıyevin sözlərinə görə, kitabın
hazırlanmasında məqsəd Qarabağ həqiqətlərinin, eyni zamanda
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq
işlərinin, həmçinin Azərbaycanın regionda dayanıqlı sülhün təmin
olunması istiqamətində səylərinin beynəlxalq ictimaiyyətə
çatdırılmasıdır:
Sonra “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”
kitabının videotəqdimatı və işğaldan azad edilmiş ərazilərin
bərpasını və dirçəlişini əks etdirən “Faciədən Zəfərə” videoçarxı
nümayiş olunub.
Daha sonra tədbir müəlliflə sual-cavab sessiyası ilə davam edib.
Gültəkin Qaradağlının moderatorluğu ilə keçən sessiyada britaniyalı
yazıçı Qrem Vilson çoxsaylı sualları cavablandırıb.
Tədbirdə çıxış edən millət vəkili, Qarabağ Dirçəliş Fondunun
Müşahidə Şurasının üzvü Tural Gəncəliyev, millət vəkili Rizvan
Nəbiyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı
direktoru Rəvan Həsənov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və
baş icraçı direktoru Aydın Talıbov və digər natiqlər kitabın
əhəmiyyətini qeyd etməklə yanaşı, onun Qarabağda baş verən
hadisələrlə bağlı həqiqətlərin, eyni zamanda Prezident İlham
Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan
bərpa və yenidənqurma işlərinin və ölkəmizin regionda davamlı
sülhün bərqərar olunması istiqamətində səylərinin beynəlxalq
auditoriyaya çatdırılmasına böyük töhfə verəcəyinə əminliklərini
ifadə ediblər.
Tədbirin sonunda Qarabağın bərpası istiqamətində görülən işlərə
dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna 28.500 AZN ianə
edərək “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”
kitabı əldə edən “İteca Caspian” və “Caspian Event Organisers”
şirkətlərinə, eləcə də 10.000 AZN ianə edərək kitabı əldə edən PAŞA
Kapital İnvestisiya Şirkətinə Fondun adından “İanə sertifikat”ları
təqdim olunub.
Qeyd edək ki, bütün tədbir iştirakçılarına Qarabağ Dirçəliş
Fondu və Qrem Vilsonun adından onun müəllif olduğu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyası “Ilham
Aliyev: A Portrait of a President”, Ümummilli Lider Heydər Əliyevin
həyatından bəhs edən “The Rise and Fall and Rise Again of Heydar
Aliyev and Azerbaijan” və “Azərbaycan Xalq Cümhuriyyəti: heç vaxt
ölməyən arzu” kitabları hədiyyə edilib.
Nəzərinizə çatdıraq ki, “Qarabağın Dirçəlişi: Azərbaycan
İntibahının Hekayəsi” kitabına sahib olmaq istəyən şəxslər https://book.revival.az/estore/
onlayn-mağazaya daxil olaraq istədikləri kitab növünü seçib Qarabağ
Dirçəliş Fonduna ianə etməklə kitabı əldə edə bilərlər.
Yaxın gələcəkdə kitabın Azərbaycan və bir neçə xarici dilə
tərcüməsi də həyata keçiriləcək.
Onu da qeyd edək ki, tədbir zamanı kitabda yer alan fotoşəkillər
əsasında təşkil edilən və işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən bərpa və quruculuq işlərini, eləcə də Qarabağın zəngin
təbiətini və nadir flora-faunasını əks etdirən “Qarabağın
Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi də nümayiş
edilib.

