
Bakı. Trend:
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ekstremizmin
qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata
keçirir.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
“Terror latın dilindən tərcümədə vahimə, xof mənasını daşıyır və
bu zəmində törədilən əməllər xarakteri və ictimai təhlükəlilik
dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlərə aid
edilir. Ölkəmizdə terrorçuluqla mübarizə sahəsində müddəalar 18
iyun 1999-cu ildə qəbul olunmuş “Terrorçuluqla mübarizə haqqında”
Azərbaycan Respublikasının Qanununda əks olunmuşdur. Qanun
Azərbaycanda terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati
əsaslarını müəyyən edir, terrorçuluqla mübarizəni həyata keçirən
orqanların fəaliyyətini əlaqələndirir, həmin orqanların və
vətəndaşların hüquqi vəzifələrini təsbit edir (Qanun 5 fəsil, 22
maddədən ibarətdir, 05.10.2001-ci ildə dəyişikliklər əlavə
edilmişdir). Qanunda terrorizmə belə bir anlayış verilir: terrorizm
– insanlara kütləvi qırğın təhlükəsi yaradan, sağlamlıqlarına zərər
vuran partlayış, yanğın və ya digər hərəkətlər, yaxud əmlakın məhv
(xarab) edilməsi və ya ictimai təhlükəsizliyin pozulması məqsədi
ilə digər ağır nəticələr, əhalinin qorxudulması və ya dövlət
hakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatların
qərarlarının qəbuluna təsir göstərmək, habelə bu məqsədlə
göstərilən hərəkətlərin edilməsi təhlükəsidir”, – o bildirib.
Onun sözlərinə görə, terrorçuluq iki formaya ayrılır –
beynəlxalq (transmilli) və daxili (milli). Motivlərindən asılı
olaraq isə sosial, milliyyətçi, ərazi-separatçı və
dini-ayrıseçkilik növlərinə bölünür.
“Bu növlərdən:
Sosial terrorçuluğun subyektləri – ultrasolçu (bura kommunist,
radikal sosialist, anarxist və s. aid edilir) və ya ultrasağçılar
(yəni neonasional-sosialist, faşist və s.);
Milliyyətçi terrorçuluğun subyektləri – etnokonfliklər
nəticəsində əmələ gələn siyasi hərəkatlər, ayrı-ayrı təşkilat və
qruplaşmalar və s.;
Ərazi-separatçı terrorçuluğun – subyektləri kimi Azərbaycanın
əzəli ərazisi olan Qarabağda yaranmış hamıya bəlli terrorçu
təşkilatları, xüsusən də “Dağlıq Qarabağ Ordusu” terror təşkilatını
qeyd etmək olar;
Dini ayrı-seçkilik (yəni ekstremizm) terrorçuluğun subyektləri isə
dini dözümsüzlük zəmində yaranan terrorçu təşkilatlardır ki, müasir
dövrün gündəmində olan əsas mövzuya çevriliblər.
Terrorçuluqla mübarizədə hüquqi, rejim-mühafizə,
əməliyyat-axtarış və profilaktik tədbirlər nəzərdə tutulur və onlar
aşağıdakı məqsələrlə həyata keçirilir:
- İnsan hüquq və azadlığını, cəmiyyət və dövlətin
təhlükəsizliyinin təmin edilməsi; - Terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, bu fəaliyyət
nəticəsində mümkün zərərin minimuma endirilməsi; - Terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər
yardımların edilməsininin qarşısının alınması.
“Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun əsas prinsipləri
isə – qanunçuluğun təmin edilməsi, terrorçuluq fəaliyyətinin həyata
keçirilməsinə görə, Azərbaycan Respublikası qanunvericiliyində
nəzərdə tutulmuş cəzanın labüdlüyü, terrorçuluqla mübarizədə açıq
və gizli fəaliyyət metodlarının əlaqələndirilməsi, hüquqi, siyasi,
sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks
istifadə, terrorçuluq fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış
şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü, terrorçuluqla
mübarizəyə cəlb olunmuş qüvvələrin vahid mərkəzdən idarə edilməsi,
terrorçuluqla mübarizədə tətbiq olunan metodlardan istifadə zamanı
minimum aşkarlıq”, – A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, terrorla beynəlxalq miqyasda mübarizəni
tənzimləyən əsas sənəd Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının 2001-ci ildə qəbul etdiyi 1373 saylı
qətnaməsidir. 11 may 2002-ci ildə Azərbaycan Respublikası
Prezidentinin Fərmanı ilə həmin qətnamə üzrə tədbirlərin həyata
keçirilməsinə dair plan təsdiq edilmişdir.
“Müasir dünyada beynəlxalq terrorçuluq təkcə ayrılıqda
götürülmüş dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydan
oxuyan təhlükədir. Qloballaşma dövrü adlandırılan müasir dövrdə
terrorçuluğun bir sıra yeni səciyyəvi xüsusiyyətləri əmələ
gəlmişdir.
Belə ki, bu gün terrorçuluğun hədəfləri dəyişmişdir. Hazırda
terrorçu təşkilatlar əvvəlki dövrlərdən fərqli olaraq, girovların
tutulması, dövlət xadimlərin qətlə yetirilməsi, təyyarə və digər
nəqliyyat vasitələrinin qaçırılması kimi yollarla yalnız sabitliyin
pozulması və ya hansısa qısamüddətli planların
gerçəkləşdirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı
məqsədlərə – hakimiyyətin ələ keçirilməsinə, suveren dövlətlərin
ərazisinin qəsb olunmasına və yerli əhalinin oradan qovulmasına
yönəldirlər. Azərbaycanın nümunəsi bu cəhətdən səciyyəvidir. Keçən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı o zamankı
hakimiyyətinin zəifliyi və xarici havadarlarının dəstəyindən
istifadə edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin
ərazisinin 20%-i işğal olunmuş, bir milyona yaxın insan qaçqın və
məcburi köçkünə çevrilmişdir. 1988-ci ildən başlayaraq erməni
terrorçuları hərbi qarşıdurma zonasında və həmin zonadan yüzlərlə
kilometr aralıda yerləşən yaşayış məntəqələrində törədilən və
2000-dən çox dinc sakinin qətli ilə nəticələnmiş 373 terror aktı
konkret siyasi məqsədə – təcavüzkar-separatçılıq vasitəsilə
Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Məhz erməni
terrorçuların cəmləşdiyi “Dağlıq Qarabağ Ordusu” terrorçu
təşkilatının yaranmasında iştirak etmiş Robert Koçaryan və Serj
Sarkisyan xaricdəki himayədarlarının dəstəyi ilə Ermənistanda
hakimiyyətə yiyələnmiş və bununla da Azərbaycan ərazisi olan Dağlıq
Qarabağın məsələsinin beynəlxalq hüquq qayda və qanunları
çərçivəsində həlli böyük problemə çevrilmişdir. Eyni xarakterli
prosesi Yaxın Şərq bölgəsində dini-ayrıseçkilik zəmində yaranmış
terrorçu təşkilatların qondarma dövlətlər yaratdıqdan sonra, sülh
şəraitinin bərpa olunmasına istiqamətləndirilmiş səylərin
pozulmasına yönəlmiş fəaliyyətlərində də müşahidə etmək olar.
Təcrübə göstərir ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu
və ekstremist təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqə saxlayır.
Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma
əleyhinə hərəkat, sağ və sol radikalizm və s. eyni bir terror
zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif
sahələrində bir-birini tamamlayır. Ona görə də bu həlqələrdən
yalnız birinə qarşı mübarizə bütövlükdə terrorçuluğa qarşı
mübarizə vəzifəsini tam yerinə yetirməyə imkan vermir”, – o
bildirib.
A.Qarayev vurğulayıb ki, terrorçu təşkilatlar mütəşəkkil
cinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarla
qarşılıqlı əlaqə saxlayır.
“Separatçı, eləcə də radikal dini rejimlər zəbt etdikləri
müstəqil dövlətlərin ərazisindən, o cümlədən, işğal dövründə
ölkəmizin Qarabağ bölgəsində Azərbaycanın İranla nəzarətsiz qalmış
132 kilometrlik sərhəd zolağından istifadə edərək, narkobiznes,
qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digər
cinayətkar yollarla əldə olunan gəliri terrorçuluğun, xüsusən də “Dağlıq Qarabağ Ordusu” terrorçu təşkilatının maliyyələşdirilməsinə
yönəltmişlər.
Bununla yanaşı, genişmiqyaslı və çoxsahəli terror fəaliyyəti
yalnız hər hansı ölkənin dövlət orqanlarının məqsədyönlü dəstəyi
ilə həyata keçirilə bilər. Müasir terrorçu təşkilatlar güclü, ciddi
tabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlardır.
Bu gün dövlət sərhədləri də onların qarşısını almaqda acizdir.
Həmin təşkilatların tərkibində əməliyyat, kəşfiyyat və
əks-kəşfiyyat bölmələri, qoruyucu döyüş qrupları vardır. Bütün
bunlar dövlət dəstəyi sayəsində mümkün ola bilər. Buna misal kimi
Azərbaycanda törədilmiş terror aktlarının əksəriyyətinin məhz
təcavüzkar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil
edildiyini qeyd etmək olar. Təbii ki, müasir terrorçuluğun bu
xüsusiyyəti qeyd olunarkən, terrorçulara sığınacağın verilməsi də
yaddan çıxarılmamalıdır. Bu cür əməllərə əl atan dövlətlər
terrorçuların fəaliyyəti (xüsusən də yaşaması, təlim keçməsi,
terror aktlarının hazırlanması və s.) üçün öz ərazilərində və ya
təsir altında olduğu dövlətlərdə lazımi şərait yaradır,
terrorçulara siyasi sığınacaq tapmasına yardım edir, terrorçuluq
fəaliyyətinə bəraət qazandırır. Bu cür dövlətlər arasında
Ermənistan xüsusi yer tutmuşdur. Məlumdur ki, bu ölkənin
təşkilatçılığı ilə Livan və Suriyadan qaçan ermənilər Azərbaycanın
Qarabağ bölgəsində yerləşdirilmiş və “Dağlıq Qarabağ Ordusu”
terrorçu təşkilatının formalaşdırılmasında istifadə edilmişdir.
Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində dünyanın
müxtəlif ölkələrində terror hücumları törətmiş erməni
terrorçularına Ermənistanda hər cür şərait yaradılmış, onlar
reabilitasiya olunmuş və ölkədə baş verən siyasi proseslərə
qoşulmalarına şərait yaradılmışdır. Həmin terrorçular Azərbaycanda
terror hücumları törətmək imkanlarını itirdikdən sonra,
Ermənistanın özündə fəallaşmış və məhz onların səyi nəticəsində
Ermənistanın özündə bir neçə səs-küylü məlum terror aktları
törətmişlər”, – o bildirib.
A.Qarayev qeyd edib ki, erməni terror təşkilatları ilə yanaşı,
ölkəmizə təhlükə yaradan digər terrorçu qurumlar isə
dini-ayrıseçkilik zəmində fəaliyyət göstərən beynəlxalq terrorçu,
eləcə də dini ekstremist təşkilatlardır.
“Belə ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən
sonra yaranmış ideoloji və hüquqi boşluq, eləcə də Ermənistanın və
Rusiyadakı ermənipərəst qüvvəllərin, digər xarici himayədarlarının
dəstəyi ilə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işsizlik
və digər sosial çətinliklər mühiti xaricdəki dini cərəyan
missionerlərin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır.
Ekstremizmin ölkəmizdə yayılması 1990-cı illərin əvvəlindən
müxtəlif təriqət davamçılarının beynəlxalq humanitar təşkilat və
xeyriyyə cəmiyyətlərinin əməkdaşları qismində fəaliyyəti ilə
başlamışdır. Regionda strateji maraqların təminatı üçün xaricdə
fəaliyyət göstərən bəzi destruktiv qüvvələr, o cümlədən, beynəlxalq
terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən dini, humanitar,
iqtisadi və s. örtüklər altında Azərbaycanda mütəşəkkil strukturlar
formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır.
Təcrübə göstərir ki, beynəlxalq terrorçu, eləcə də
dini-ekstremist təşkilatlar Azərbaycan ərazisində ilkin olaraq
radikal dindarlardan ibarət sosial bazanın formalaşdırılması
istiqamətində fəaliyyət göstərir. Belə ki, onlar dini cəhətdən az
savadlı və aztəminatlı gəncləri sıralarına cəlb etmək istəyirlər.
Qeyd olunan təşkilatların iş forma və metodlarında əsas yeri
informasiya təminatı tutur. Təbliğat xarakterli informasiya
təminatını zərərli dini ədəbiyyat, müxtəlif dini aksiyaların video
və fotogörüntüləri, eləcə də ektremist qurumların rəhbərlərinin
yazılmış çıxışları təşkil edir, bu zaman internetdən geniş istifadə
olunur. Həmçinin, radikal sünni və şiə təşkilatları tərəfindən
qərbyönümlü ölkələrlə yanaşı, digər məzhəblərə qarşı “cihadın”
təbliği üçün İnternetdə müxtəlif saytlar mövcuddur ki, onların
əksəriyyəti bir-birini təkrarlayır və bu saytlarda təqdim olunan
məlumatlar əsasən mübarizənin kimlərə qarşı aparılmasının
vacibliyini izah edir. Beynəlxalq aləmdə cərəyan edən proseslər, o
cümlədən, müxtəlif münaqişə bölgələrində baş verən hadisələr də
yerli ekstremistlərin fəallaşması üçün əlverişli zəmin yaradır. “Cihad”ın təhrif olunmuş mahiyyəti haqqında məlumat verən ədəbiyyat
və digər təbliğat vasitələrinin yayılması diqqəti cəlb edir. Həmin
ədəbiyyatlarda müsəlmanların “cihad”ı bütün ibadətlərdən
(dəyərlərdən) üstün tutması, ona canı və malı (pulu) ilə qoşulması
əsas ideya kimi göstərilir”, – o bildirib.
Politoloqun sözlərinə görə, dini ayrı-seçkilik zəmində fəaliyyət
göstərən terrorçu təşkilatların iş forma və metodlarında əsas yeri
informasiya təminatı tutur.
“İnformasiya təminatını radikal dini cərəyanları təbliğ edən
zərərli ədəbiyyatlar, müxtəlif döyüş səhnələrini (cihadı) təbliğ
edən videomateriallar, eləcə də ekstremist qurumların rəhbərlərinin
təbliğ məqsədilə yazılmış çıxışları təşkil edir. Həmin vasitələrdə
müsəlmanların “cihad”ı bütün ibadətlərdən və dəyərlərdən üstün
tutması, ona canı və malı ilə qoşulması əsas ideya kimi aşılanır. “Mücahidin” istənilən İslam ölkəsində döyüşməyə hazır olması, hətta
bu məqsədlə övladın valideynlərdən və qadının ərindən razılıq
almasına ehtiyac olmadığı vurğulanır. Bu kimi təbliğat
materialların yayılmasında internetdən geniş istifadə olunur.
Həmçinin, internet vasitəsilə dini cəhətdən radikal olan şəxslər
yuxarıda qeyd olunan təbliğat materialları ilə tanış olmaqla
yanaşı, hətta məişət şəraitində partlayıcı və zəhərləyici
maddələrin hazırlanması üsullarını öyrənə bilir.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra, terrorçuluqla
mübarizə keyfiyyətcə yeni mərhələyə qalxaraq, mahiyyət etibarı ilə
dünyadakı vəziyyətin dəyişməsinə şərait yaratmışdır. Dünya birliyi
terrorçuların bu dəhşətli cinayətlərindən sarsılmışdır. Bəşəriyyətə
meydan oxuyan beynəlxalq terrorçuluq məlum təhdidlərinin daha da
sürətlə artması ona qarşı mübarizədə səylərin birləşdirilməsini
diktə etmişdir. Azərbaycan Respublikası həmin faciədən sonra
tərəddüd etmədən antiterror koalisiyasına qoşulmuş və hazırda
da bununla bağlı qanunverici, təşkilati və əməli tədbirlərin həyata
keçirilməsi üçün malik olduğu proqram üzrə beynəlxalq terrorçuluqla
mübarizəyə töhvəsini verir”, – A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, radikal dindarlar “facebook”, “odnoklassniki”, “X” (keçmiş “twitter”) kimi sosial şəbəkəllərdən
və “WhatsApp”, “Teleqram” kimi rabitə proqramlarından da geniş
istifadə edir, həmin şəbəkələrdə “cihad”ın təbliğatını aparır,
təsir dairələrini genişləndirməyə və məzhəblərarası konfliktlər
yaratmağa çalışırlar. 2013-cü ilin oktyabr ayında Bakı şəhərində
fəaliyyət göstərən “Məşədi Dadaş” şiə icmasının rəhbəri Şahin
Həsənlini təhdid etmiş vəhhabi ekstremisti Nəriman Mirzəyev və onun
qrupu məhz “facebook” vasitəsilə ölkəmizdə sünni-şiə qarşıdurmasına
təhrik etmişlər:
“Həmçinin, hazırki mərhələdə terrorçu təşkilatlar tərəfindən
aparılan ekstremizmin təbliğatına islamofobiya kimi amillər də
böyük təsir göstərir. 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-da
məlum terror hücumlarını törətmiş “Əl-Qayda” terror təşkilatı və bu
qurumla inteqrasiyaya getmiş müsəlman dırnaqarası “alimləri”,
islamofobiyanın tərəfdarları üçün müsəlmanlardan “terrorçu”, “vəhhabi”, “taliblər” və s. kimi mənfi obrazlar düzəltməyə, İslamın
zorakılığı və qəddarlığı yayan din olması düşüncəsinin yaranmasına
münbit şərait yarada bilmişlər. Baş vermiş terror hücumları və
digər hadisələri əsas gətirərək, bir din və mədəniyyətin bütün
mənsublarının mühakimə edildiyini səhv və təhlükəli olduğu
ictimaiyyətə geniş şəkildə çatdırılmalıdır. İslamofobiya təkcə
müsəlmanların əleyhinə yönələn ayrıseçkilik kimi deyil, əksinə
qlobal sülh üçün təhdid kimi qiymətləndirilməlidir. Çünki,
islamofobiya İslamla az bağlılığı olan, elmi əhatəsi və mötəbər
olmayan mənbələrdəki səthi məlumatlara malikdir. İmam Əlinin
ifadəsi ilə desək “insan adətən bilmədiyi ilə düşmənçilik
edər”.
Aparılmış müşahidələr göstərmişdir ki, Azərbaycanda sünni
məzhəbinə mənsub radikal dindarların arasında “cihad” bölgələrinə
getmək istəyən şəxslərin artımı vardır. 2012-ci ildən etibarən
onlar xaricdə iş axtarmaq, dini təhsil almaq və digər bəhanələrlə
ölkəmizi tərk edərək, Suriya və İraqdakı münaqişədə iştirak etmək
üçün həmin ölkəyə getməyə və orada müxalifətin tərkibində fəaliyyət
göstərən terrorçu və ekstremist qruplara qoşulmağa başlamışlar.
Təhlillər göstərir ki, xaricdəki münaqişə bölgələrində döyüşən
əcnəbi ekstremistlərin geri qayıtdıqdan sonra vətəndaş olduqları
ölkələrin təhlükəsizliyinə və ictimai-siyasi sabitliyə təsir edə
biləcək terror-təxribat və ya digər cinayət əməllərində iştirak
etmək ehtimalı böyükdür.
Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə xətti
üzrə ölkəmizin təhlükəsizlik orqanları tərəfindən son on il ərzində
keçirilmiş xüsusi tədbirlər nəticəsində 20-dən artıq terrorçu və
dini-ekstremist qruplaşması zərərsizləşdirilmişdir”.
A.Qarayev qeyd edib ki, son zamanlar İŞİD terrorçu təşkilatına
qarşı aparılan antiterror əməliyyatlarına bu təşkilatlar terror
aksiyaları ilə cavab verəcəklərini elan etmişdir.
“Terrorçular potensial hədəflər kimi həmin ölkələrin
vətəndaşlarını və xaricdəki nümayəndəliklərini göstərmiş və bu kimi
hədəflərin digər dövlətlərlə yanaşı, Azərbaycanda da olduğunu qeyd
etmişlər. Antiterror əməliyyatlarının intensivliyi və təsirliliyi
artdıqca, “İŞİD-çilərin” bu terror təşkilatının fəal olduğu
münaqişəli bölgələrdən kənar yeni əməliyyat bölgələrinə yer
dəyişmələri gözlənilir. Həmin bölgələrdən biri kimi
Əfqanıstan-Pakistan bölgəsinin adı daha çox qeyd olunur. Lakin,
məlumatların təhlili göstərir ki, növbəti mərhələdə İŞİD yeni
əməliyyat bölgələri qismində dünyanın digər regionları ilə yanaşı,
Rusiyanın Şimali Qafqaz bölgəsində və Orta Asiya ölkələrində də
fəallığını artıracaqdır. Bu fəaliyyətdə İŞİD və onunla əlaqəli olan
digər terrorçu qurumların tərkibində olan əcnəbi döyüşçülərdən
istifadə olunacağı şübhəsizdir. Qeyd olunmalıdır ki, İŞİD Suriya və
İraqdakı münaqişə bölgəsindən kənarda ekstremistlər arasında təsir
dairəsini artırmaq üçün yerli özəklərin yaradılması üzrə
uzunmüddətli ideoloji iş əvəzinə, daha çox rezonanslı terror
aktları keçirməyə üstünlük verir.
İŞİD və onunla əlaqəli olan terrorçu qurumlar məzhəblərarası
qarşıdurma yaratmaq amilindən də geniş istifadə edir. Təşkilatın
ideoloqları gənclər arasında radikal dini ideyalarını yaymaqla bu
konsepsiyanı qəbul etməyən din xadimləri və dindarları məharətlə
nüfuzdan salır. Bu səbəbdən əhali dini inanc, məzhəb, təriqət,
eləcə də etnik mənsubiyyətinə və mövcud hakimiyyətə münasibətinə
görə terrora məruz qala bilər.
Suriya və İraqa səfər etmiş ekstremistlərin çoxu İŞİD-ə onlardan
əvvəl qoşulmuş əlaqələrinin təbliğatı və dəvəti ilə bu təşkilata
üzv olur. Onların əksəriyyəti İŞİD-ə qoşulmağın hər bir müsəlman
üçün vacib olduğunu bildirir, bunu dini rəvayət və hədislərlə
əsaslandırmağa çalışır. Bununla belə, son zamanlar yerli
ekstremistlər arasında İŞİD-in qəddar fəaliyyətinin İslamla
uzlaşmadığına dair fikir də formalaşmağa başlamışdır.
Münaqişə zonasına getmiş ekstremistlər əksər hallarda qrup
şəklində səfər etməyə üstünlük verir, lakin sərhədkeçmə zamanı
diqqəti cəlb etməmək üçün ayrı-ayrılıqda hərəkət edir. Bəzi
ekstremistlər ailələri ilə birlikdə Suriyaya getmişlər və
regiondakı hərbi əməliyyatların, onun yaratdığı aclıq, xəstəlik və
əsarət kimi ağır fəsadları ilə üzləşməyə zəmin yaratmışlar”, – o
bildirib.
Onun sözlərinə görə, Suriya və İraqa səfər etmiş ekstremistlərin
əksəriyyəti Azərbaycana qayıdarkən qayıtmalarını münaqiçə
bölgələrində yaşayış şəraitinin ağır olması, həyat təhlükəsi və ya
qoşulduqları terrorçu təşkilatların dini məsələlərdə səhvlərə yol
vermələri ilə əsaslandırmışlar. Onların radikal dini ideologiyanın
güclü təsirinə məruz qaldıqları, bunun nəticəsində ətrafları ilə
aqressiv davrandıqları, tolerant və dünyəvi həyat tərzini qəbul
etmədikləli, dövləti “tağut” adlandıraraq ona qarşı “cihad”
adlandırdıqları silahlı və zorakı mübarizədən çəkinməyəcəklərini
ətraflarına bildirdikləri müşahidə olunmuşdur.
“Bununla əlaqədar və beynəlxalq təcrübəni nəzərə alaraq 2014-cü
ilin mart ayında xaricdəki münaqişələrdə iştirak edən şəxslərə
qarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və bu vaxtdan etibarən
Yaxın Şərqin münaqişə bölgələrinə səfər etmiş ekstremistlərin
cinayət əməlləri sübuta yetirildiyi təqdirdə məhkəmənin müvafiq
qərarı ilə onlar istintaqa cəlb olunmağa başlamışlar.
Görülmüş bu və digər hüquqi və profilaktik tədbirlər nəticəsində
son zamanlar münaqişə bölgələrinə ekstremistlərin getmə prosesi
səngimişdir. Bu prosesə təsir göstərmiş amillərdən biri də Türkiyə
ordusu və təhlükəsizlik orqanları tərəfindən ekstremistlərin
hərəkət marşrutlarını ciddi nəzarətə götürülməsidir.
Həmçinin, problemin ciddiliyi və aktuallığı, beynəlxalq terrorçu
və dini ekstremist təşkilatlarla mübarizə sahəsində ölkəmizin
təhlükəsizlik orqanlarının xarici tərəfdaş xidmətlərlə birgə
qabaqlayıcı tədbirlərin keçirilməsini zəruri edir. Cari ilin
sentyabr ayında Bakı şəhərində keçirilmiş Müstəqil Dövlətlər
Birliyi üzv-dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərlərinin 41-ci iclasında iştirak etmiş tərəfdaş xidmətlərin
rəhbərləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali
Baş Komandan İlham Əliyev öz nitqində demişdir: “…Terrorizmə qarşı
mübarizə qlobal xarakter daşımalıdır…və təhdidlərin qarşısını almaq
üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin
birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq
zəruridir…”. Bu gün Dövlət Təhlükəsizliyi Xİdməti tərəfindən
türkiyəli, amerikalı, rusiyalı, britaniyalı, almaniyalı,
qazaxıstanlı və digər xarici həmkar xidmətlərin işçi qrupları ilə
birgə təhqiqatlar çərçivəsində müxtəlif münaqişə bölgələrində
fəaliyyət göstərən terrorçu təşkilatlar, onlarla əməkdaşlıq edən
vasitəçi şəbəkələr barədə əməliyyat-axtarış tədbirləri keçirilir və
bu istiqamətdə konkret nəticələr əldə olunur.
Qeyd olunanları nəzərə alaraq, müasir dövrdə beynəlxalq terrorçu
təşkilatlarla, o cümlədən, radikallıq mənbəyinə çevrilən
qüvvəllərlə mübarizədə açıq və gizli metodlarının
koordinasiyası, hüquqi, siyasi, sosial-iqtisadi və
təşkilati-profilaktik tədbirlərdən istifadə olunur. Eyni zamanda,
əhali arasında terrorçuluğun mahiyyəti və dində radikalizmin
zərərli tərəflərinə dair izahedici işin təşkili, terrorçu və
ekstremist təşkilatların təbliğatına qarşı müasir dünyada dində
tolerantlığın üstünlüyünü təbliğ edən materialların internet
məkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “…Qloaballaşan
dünyada terrorla mübarizənin əsas istiqamətlərindən biri
Azərbaycanda olduğu kimi, multikulturalizm mühitinin yaranması və
tolerantlığın formalaşdırılmasıdır””, – o bildirib.
A.Qarayev qeyd edib ki, hazırda ölkəmizdə mövcud dövlət
quruluşunu devirməklə hakimiyyəti ələ keçirmək üçün sosial bazanın
formalaşdırılması, radikal islamçılardan ibarət infrastrukturun
yaradılması istiqamətində bəzi şərq ölkələrinin dini mərkəzləri ilə
humanitar təşkilatların təsiri və himayəsi ilə fəaliyyət göstərən,
özündə çox sayda dindarı birləşdirən icma və qruplar mövcuddur.
Onların üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Məsələn,
sələfilərin orta yaş həddi otuzadəkdir. Hər bir sələfi hərəkata ilk
növbədə öz ailəsini (qadınlar da daxil olmaqla) cəlb etməlidir.
İcmalarda qadınların sayı təxminən 25%-dir:
“Dini radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv
və subyektiv səbəbləri var və onlar özünü bir çox sahələrdə biruzə
verir. Güclü dövlətlərin siyasətində ayrı-seçkiliyə rəvac verməsi,
bundan irəli gələn dinlərarası münasibətlərin gərginləşdirilməsi,
bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində
ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir. Eyni
zamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin yayılmasına
şəraitin yaradılması, radikal və ekstremist qruplarla mübarizə
işinin səmərəli qurulmaması, siyasi və ictimai təşkilatların dindən
siyasi məqsədlər üçün istifadə etməsi, beynəlxalq və regional
əhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeni
qarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlük
meyillərini daha da artırır, onların əhatə dairəsini genişləndirir.
Dünya ölkələri və beynəlxalq qurumların bu risklərin qarşısının
alınması məqsədilə göstərdikləri səylər və keçirdikləri tədbirlər
bir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin daha
da gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrin
artmasına gətirib çıxarır.
Bu, bütövlükdə dünyada ekstremizm və radikallıq meyillərinin,
silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanların
münaqişə qurbanlarına çevrilməsinə təkan verir. Müasir dövrdə
qüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların
birgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısının
alınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəli
mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş
cəmiyyətinin olması şərtdir.
Azərbaycan tarixinə nəzər yetirsək, görərik ki, xalqımız əsrlər
boyu müxtəlif dinlərə, o cümlədən, zərdüştlüyə, məsihiliyə, İslama
etiqad etmiş və bu da əhalimizin böyük əksəriyyətində dini
tolerantlığın yaranmasına səbəb olmuşdur. Lakin, son dövrlər gedən
proseslər ekstremizmin artmasına səbəb olan, göstərilən amillərin
nəzərə alınmasını vacib edir.
Qeyd olunanları nəzərə alaraq, radikallıq mənbəyinə çevrilən
qüvvəllərlə mübarizənin açıq və gizli metodlarının
koordinasiyası, hüquqi, siyasi, sosial-iqtisadi və
təşkilati-profilaktik tədbirlərindən istifadə olunur. Eyni
zamanda, əhali arasında terrorçuluğun mahiyyəti və dində
radikalizmin zərərli tərəflərinə dair izahedici işin təşkili,
terrorçu və ekstremist təşkilatların təbliğatına qarşı müasir
dünyada dində tolerantlığın üstünlüyünü təbliğ edən materialların
internet məkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyət
daşıyır”.
O qeyd edib ki, müasir dövrdə fundamental insan hüquqlarından
olan vicdan və dini etiqad azadlığının təmin edilməsi bir çox
dövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlı
əlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırf
insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də
təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna
hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma
və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət
daşıyır.
“Dövlətimiz dini ekstremizmin qarşısının alınması,
vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini
durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin
edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.
Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması,
dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq
müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyyət
təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların
fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası
mütəmadi olaraq təkmilləşdirilir.
Ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq
meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində də əksini tapmışdır.
Məcəllənin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə
də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika
ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), maddələri ekstremizmə
qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir və həmin maddədən
əsasən dünyəvi dövlət quruluşunu devirmək məqsədilə silahlı
qruplaşmalar yaratmış radikal düşüncəli dindarlara, eləcə də “cihad”da iştirak etmək niyyəti ilə xaricdəki münaqişə bölgələrinə
getmiş şəxslərə qarşı istifadə olunur. Bu istiqamətdə görülən
hüquqi tədbirlərin müasir tələblərə uyğunlaşdırmaq məqsədilə
2014-cü ilin mart ayında xaricdəki münaqişələrdə iştirak edən
şəxslərə qarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və Cinayət
Məcəlləsinə 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və
ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan
şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında,
yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının
hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə,
yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə
fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik
etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı
münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq)
maddəsi əlavə edilmişdir”, – A.Qarayev bildirib.
Politoloqun sözlərinə görə, 2015-ci ilin dekabr ayında “Dini
ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial və
ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının,
milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq
vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya
üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin
törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.
“Sənədə əsasən, dini ekstremizm, dini fanatizm və dini
radikalizm hallarının aşkarlanmasına, qarşısının alınmasına və bu
hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə
kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına verilməsi
hər kəsin borcudur. Qanuna görə dini ekstremist fəaliyyətində
iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr
ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist
fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir
və onların fəaliyyəti qadağan edilir.
Qanuna əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı
dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan
vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak
edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı
vurulmuş ziyana görə məsuliyyət daşımır.
“Vətəndaşlıq haqqında” qanuna edilmiş əlavəyə görə, isə
Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla
dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın
itirilməsi ilə nəticələnə bilər. Sənəddə deyilir ki, vətəndaş dini
təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik
zəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xarici
dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər
şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa
vətəndaşlıqdan məhrum ediləcək. Qanunvericiliyə edilmiş bu
əlavələrdən sonra, məhkəmənin müvafiq qərarı ilə xaricdəki
münaqişələrdə iştirak edən 250-dən artıq şəxs AR vətəndaşlığından
məhrum edilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – o
bildirib.
A.Qarayev qeyd edib ki, dini ekstremizm ilə mübarizə sahəsində
görülən işlərdən biri də xaricdə dini təhsil almış və zərərli dini
təsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyin
edilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə “Dini etiqad
azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra
əlavə və dəyişikliklər edilməsidir.
“Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən, “İslam
dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan
Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına
islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”.
Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərə
məruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyət
göstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasında
zərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır.
Həmçinin, qanuna yeni əlavəyə görə, Azərbaycanda bundan sonra
ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər
dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna
olmaqla) nümayiş etdirilməsi qadağan olunur. Dini bayraqlar yalnız
ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə
bilər.
Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların
aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar əməliyyat
ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu
təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat
vasitələrinin yoxlanılmasına mane olanlar, yoxlanışlardan imtina
edənlər və sair hərəkətlərə yol verənlərin cəzalandırılması da
nəzərdə tutulur. Bununla əlaqədar, Azərbaycan Respublikasının
prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə müvafiq
maddə əlavə edilmişdir.
Bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları
ölkədə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması
məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal
təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə
fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən
gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq
edir.
Bütövlükdə problemin ciddiliyini və aktuallığını nəzərə alaraq,
ekstremizm ilə mübarizədə Azərbaycanın aidiyyəti dövlət orqanları,
ictimai təşkilatlarla birlikdə qabaqlayıcı, hüquqi və profilaktik
xarakterli tədbirlərin görülməsini təşkil etməlidirlər”, – deyə
politoloq əlavə edib.

