Azərbaycan regionda Slovakiya üçün strateji tərəfdaşdır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli
əməkdaşlıq sahəsində qazanılan uğurlar davamlılığı ilə diqqətdədir.
Bunun üçün dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə,
eyni zamanda, həmin ölkələrin liderlərinin Azərbaycana səfərlərinin
dinamikliyinə diqqət yetirmək kifayətdir. Hər bir səfər
münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Bu baxımdan Prezident
İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfəri
mühüm məqamları ilə ölkə mətbuatında geniş müzakirə edilir. Bu
səfər bir daha təsdiqlədi ki, strateji tərəfdaşlığa və regional
sabitliyə töhfə verən Azərbaycan-Slovakiya əlaqələri yüksələn xətlə
inkişaf edir. Qeyd edək ki, Slovakiya ilə Azərbaycan arasında
diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən bəri davamlı
və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın
müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında
diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub.
Slovakiyanın ölkəmizdəki səfirliyi 2019-cu ilin oktyabrından
fəaliyyət göstərir, Azərbaycan isə 2023-cü ilin iyulunda
Slovakiyada səfirlik təsis edib. Lakin Azərbaycanın Slovakiyadakı
fəxri konsulluğu 2009-cu ilin aprelindən fəaliyyət göstərir. Bu
tarixi mərhələlər iki ölkə arasındakı diplomatik əlaqələrin möhkəm
və davamlı olduğunu göstərməklə yanaşı, strateji əməkdaşlıq üçün də
əlverişli zəmin yaradır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, prezidentlərin təkbətək və
geniş tərkibdə görüşləri çərçivəsində müzakirə olunan məsələlər,
səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin
gələcəyi barədə aydın təsəvvür yaradır. “Sizi Slovakiyada,
Bratislavada qəbul etmək böyük şərəfdir. Slovakiyaya səfər etmək
qərarınız bizi çox şərəfləndirdi” söyləyən Slovakiya Prezidenti
Peter Pelleqrini onu da vurğuladı ki, bu, Slovakiya Respublikasının
tarixində Azərbaycan Prezidentinin ilk rəsmi səfəridir. Hətta 20 il
əvvəl Slovakiyaya səfər etməyinizə baxmayaraq, o, rəsmi səfər
deyildi. Ola bilsin, o, konfrans və ya digər tədbir ilə bağlı idi.
Çox minnətdaram ki, hökumət üzvlərindən ibarət bu cür geniştərkibli
nümayəndə heyəti ilə gəlmisiniz. Çünki fikrimizcə, bu səfər güclü
siqnal verməlidir. Əlaqələrimiz sadəcə dostluq əlaqələri deyil,
onların hələ də böyük inkişaf potensialı var.

Qeyd edək ki, ötən il Slovakiyanın Baş naziri Robert Fitsonun
ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji
Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni
səviyyəyə qaldırdı. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və
ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyən bu
sənəd Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını
və birgə yolun çox uğurlu olacağına əminliyi ifadə edir. Strateji
Tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr hər iki ölkənin
niyyətini əks etdirir, eyni zamanda, əməkdaşlığın perspektivlərini
müəyyən edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin
Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın
gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli
münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi
qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə,
investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı
layihələrin təşviqinə hədəflənib. Prezident İlham Əliyevin geniş
tərkibdə görüşdə qeyd etdiyi kimi, əlaqələr bu gün artıq strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən il əlaqələrimizi ən yüksək
səviyyəyə qaldırmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni
imzaladıq. Həmçinin Baş nazirin müavini və müdafiə naziri Kalinyaka
ötən ay ölkəmizdə keçirilən hərbi paradda iştirak etdiyinə görə
minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev onu da
vurğuladı ki, biz bunu aramızda güclü dostluq əlaməti hesab edirik.
Son illər ərzində münasibətlərimiz yüksək dərəcədə inkişaf edib və
bir çox sahələri əhatə edir.

Milli Məclisin deputatı Slovakiya-Azərbaycan əməkdaşlığının
regionun inkişafına töhfələrindən də geniş bəhs edib. Vurğulayıb
ki, iqtisadi əməkdaşlıq Slovakiya-Azərbaycan münasibətlərində əsas
istiqamətlərdən biridir. İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi
Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu
isə iqtisadi dialoqun rəsmi mexanizmlər çərçivəsində davam
etməsinin göstəricisidir. Konkret layihələr də əməkdaşlığın real
nəticələrini göstərir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun
Baş Qərvənd kəndində Slovakiya şirkəti “Concago j.s.a” və onun
yerli tərəfdaşı “IMA ENERGY MMC” tərəfindən fərdi evlərin tikintisi
üzrə müqavilə imzalanıb və işlər artıq başlanıb. Bu layihə yalnız
infrastrukturun yenilənməsinə deyil, həm də regionun
sosial-iqtisadi inkişafına töhfə verəcək. Azərbaycan və Slovakiya
prezidentlərinin həm təkbətək və geniş tərkibdə görüşlərində, həm
də mətbuata birgə bəyanatlarında əsas diqqət göstərilən
məsələlərdən biri təbii ki, iqtisadi əməkdaşlıq oldu. Slovakiya
Prezidentinin “Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər.
Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz,
əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim
üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam
etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və
biz də Azərbaycanın resurslarından istifadə edə bilək” fikirlərinin
davamı olaraq dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bizim
zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox
ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin
sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın
təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının
işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki,
həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının
təchizatı daha da böyük həcmdə mümkün olacaq. Hazırda ümumi qaz
ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı
Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə
Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş
olur.

Millət vəkili əməkdaşlıqda perspektiv sahə olan müdafiə
sənayesinə də diqqəti yönəldib. Dövlətimizin başçısı əməkdaşlıqda
bu sahəyə yönələn diqqəti belə əsaslandırdı ki, bu sahədə
əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Müharibə
aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq
keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın
yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə
imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya
bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın
da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu
istiqamətdə konkret layihələr üzərində çalışırıq.

O da məlumdur ki, bu ilin noyabrında dövlət başçısı İlham Əliyev
Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın
başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Kalinak iki ölkə
arasında hərbi, strateji əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Qeyd edilmişdir ki, bu, həm də regional təhlükəsizlik sahəsində
əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın yerləşdiyi
coğrafi məkan ölkələr, xalqlar arasında körpü rolunu oynayır.
Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan, eyni zamanda, həyata
keçirdiyi enerji və nəqliyyat layihələri ilə ölkələr arasında
dostluq əlaqələrini daha da möhkəmləndirir. Prezident İlham Əliyev
mətbuata bəyanatında diqqəti bu məsələyə yönəldərək bildirdi ki,
infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz
sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat
dəhlizinin önəmli parçasına çevrilsin. Azərbaycan Orta Dəhliz
layihəsində fəal iştirak edir. Orta Asiyanı Avropa ilə birləşdirən
ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Gələcək illərdə ölkəmiz nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz
imkanlarını genişləndirəcək. Slovakiya ilə Azərbaycan arasındakı
əlaqələrin inkişafında bu sahə diqqətdən kənarda qalmır. Çünki
bunun çox böyük potensialı vardır.

Vüqar Rəhimzadə hazırkı dövrün əsas çağırışlarından olan yeni
texnologiyaların inkişafına, bu sahədə əməkdaşlığın qurulmasının
önəminə diqqəti yönəldib. Səfər çərçivəsində informasiya
texnologiyaları, data mərkəzlərinin yaradılması haqqında
müzakirələr aparıldı. Prezident İlham Əliyev mətbuata bəyanatında
bu məqamı xüsusi qeyd etdi ki, burada Azərbaycanın üstünlüyü
ondadır ki, bizdə kifayət qədər böyük enerji potensialı var. Bu gün
Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2
giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata
çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin
fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki,
iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik,
amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük
hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data
mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya
şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik.

Avropa İttifaqı kontekstində Slovakiya-Azərbaycan əməkdaşlığına
gəldikdə isə Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan üçün
Avropa İttifaqı (Aİ) artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır
və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji,
ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə
yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb
edir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü
Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə
hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də
Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi
mövqeyini möhkəmləndirir.

Vüqar Rəhimzadə səfər çərçivəsində diqqət göstərilən əsas
məsələlərdən biri kimi Azərbaycanla Ermənistan arasında bu ilin
avqust ayında dövlət başçısı İlham Əliyevin ABŞ-a səfəri zamanı
sülh razılaşmasından da bəhs edib. Vaşinqton razılaşması
çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
paraflanması regionda investisiya və iqtisadi inkişaf üçün
əlverişli şərait yaradıb. Bu, Azərbaycanın Aİ ilə əməkdaşlığını
yalnız enerji ixracı ilə məhdudlaşdırmır, eyni zamanda, regionun
bərpası və sabitliyi, eləcə də geniş infrastruktur və nəqliyyat
layihələri üçün strateji imkanlar açır. “Mən slovak xalqı adından
cənab Prezidenti və Azərbaycan Respublikasını təbrik etmək
istərdim. Çünki uzun illərdən sonra Azərbaycan ilə Ermənistan
arasında sülh müqaviləsi paraflanmışdır” söyləyən Slovakiya
Prezidenti Peter Pelleqrini vurğuladı ki, Azərbaycan bu gün sülh
şəraitində yaşayır və onun vətəndaşları, cəmiyyət diqqəti ölkənin
inkişaf etdirilməsinə yönəldib. Artıq diqqət postmüharibə dövrünə
yönəldilib.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə bildirib ki,
Azərbaycan və Slovakiya dost ölkələrdir. Tərəflər əlaqələrin bütün
istiqamətlərdə uğurlu inkişafında maraqlıdırlar və bunu atdıqları
addımları ilə təsdiqləyirlər. Slovakiya Azərbaycanı yerləşdiyi
regionda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul edir.
Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik
ölkədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir