
Bakı. Trend:
“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin
edilib.
Trend xəbər
verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə
imzalanıb.
Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi
başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan
Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”,
Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında
çalışıb.
Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə
Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova
çempionu olub.“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa
Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra
avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada,
2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.
Qeyd edilib ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri –
Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor
Fokin yer alırlar.

