TANAP korroziyadan müdafiə üzrə yeni texnologiyalar hesabına boru kəmərlərinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

TANAP korroziyadan müdafiə ilə bağlı yeni texnologiyalar
hesabına boru kəmərlərinin etibarlılığını 70 faizdən çox
artırır.

Trend xəbər verir
ki, bunu bu gün “Trans-Anatolian Natural Gas Pipeline” (TANAP)
layihəsinin texniki xidmətlər üzrə baş meneceri Yavuz Bozdoğan
Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings
Conference” beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, boru kəmərlərini korroziyadan qorumaq və
neft-qazın fasiləsiz, uzunmüddətli nəqlini təmin etmək üçün RBI
(Risk-Based Inspection – Riskə Əsaslanan Təftiş) üzrə mütəmadi risk
qiymətləndirmələri, ACVG və DCVG korroziya nəzarəti üsulları,
həmçinin katod mühafizəsi ilə müşayiət olunan monitorinq və daxili
nəzarət alətlərindən geniş istifadə olunur.

“Rəqəmlərlə desək, bu texnoloji həllərin tətbiqi fasiləsiz
nəqliyyatın etibarlılığını 70 faizdən çox artırır”, – Y.Bozdoğan
vurğulayıb.

Onun sözlərinə görə, boru kəmərləri adətən yeraltında yerləşdiyi
üçün bu cür müdaxilələr və ölçmələr boru kəmərinin faktiki
vəziyyətinin tam nəzarətini və (Condition Monitoring Assessment)
vəziyyət qiymətləndirilməsini aparmağa imkan verir.




O qeyd edib ki, müasir monitorinq və korroziyadan mühafizə
texnologiyalarının tətbiqi TANAP boru kəməri infrastrukturunun
təhlükəsiz və fasiləsiz istismarı üçün əsas amildir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının ikinci
mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan–Türkiyə
sərhədindən Türkiyənin qərb sərhədinədək daşıyır. TANAP-ın ümumi
dəyəri yeddi milyard dollardan azdır.

Genişlənmə çərçivəsində illik ötürücülük gücünün 24 milyard
kubmetrə çatdırılması üçün bir neçə əlavə kompressor stansiyasının
quraşdırılması tələb olunur. Ümumilikdə ötürücülük qabiliyyətinin
31 milyard kubmetrə qaldırılması üçün yeddi kompressor stansiyasına
ehtiyac olacaq.

Hazırda Transanadolu qaz kəməri ilə hidrogen qarışığının nəqli
imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəql
edilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsində
ola bilər.

TANAP sisteminin nəzərdə tutulan istismar müddəti 2062-ci ilə
qədər davam edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir