
Bakı. Trend:
Enerji sektoru üzrə ixtisaslaşmış “Velosi Asset İntegrity”
beynəlxalq konsaltinq şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq
imkanlarını araşdırır.
Trend xəbər verir
ki, bunu bu gün şirkətin qlobal satışlar üzrə baş direktoru Entoni
Ceyms Uilyams Bakıda keçirilən “Asset Integrity & Corrosion and
Coatings Conference” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, şirkət enerji sektorunun bütün istiqamət və
mərhələlərini əhatə edən aktivlərin bütövlüyünün təminatı (asset
integrity) üzrə geniş xidmət portfeli təqdim edir.
“Azərbaycan bazarını təhlil edərək görürük ki, burada müəyyən
töhfə verə bilərik. Hazırda mümkün tərəfdaşlıq formatları müzakirə
olunur. Lakin konkret razılaşmalardan danışmaq hələ erkəndir”, –
şirkət nümayəndəsi qeyd edib.
Konfransdan gözləntilərinə toxunan Entoni Ceyms Uilyams bildirib
ki, Azərbaycan bazarı hazırda araşdırılır və gələcək fəaliyyətə
dair qərarlar nəzərdən keçirilir:
“Konfransın təşkilatçılarını yaxşı tanıyırıq. Artıq üç ildir ki,
Türkiyədə TANAP layihəsi çərçivəsində onlarla əməkdaşlıq edirik.
Onlar bizi tanıyırlar və bu tədbirdə iştirak etməklə burada hansı
imkan və üstünlüklərin yarana biləcəyini görmək istəyirik”.

