
Bakı. Trend:
8-9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılıq etdiyi
nümayəndə heyəti Laos Xalq Demokratik Respublikasında səfərdə
olub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, səfər zamanı, Azərbaycan-Laos Xarici İşlər
Nazirlikləri arasında Azərbaycan xarici işlər nazirinin müavini
Elnur Məmmədov və Laos Xalq Demokratik Respublikasının xarici işlər
nazirinin müavini Maytonq Tammavonqsanın həmsədrliyi ilə ilk siyasi
məsləhətləşmələr keçirilib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu,
siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın
genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr
aparılıb.
Nazir müavini E.Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad
edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa
və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat
verib.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o
cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi
Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Səfər zamanı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Laos Milli
Assambleyasının vitse-prezidenti Sunthon Saynyachak və Laosun
xarici işlər naziri Sonqsavan Fomvihon ilə görüşlər keçirib.
Həmçinin, xarici işlər nazirinin müavini Elnur Məmmədov Laosun
nüfuzlu media qurumlarına Azərbaycan-Laos əlaqələrinin cari
vəziyyətinə və inkişaf perspektivlərinə dair müsahibə verib.
Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası
arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması ilə
əlaqədar Azərbaycanın Vyetnamdakı, eyni zamanda Laosda akkreditə
olunmuş Səfirliyi tərəfindən Laosun paytaxtı Vyentyan şəhərində 9
dekabr 2025-ci il tarixində keçirilmiş rəsmi qəbulda nazir müavini
Elnur Məmmədov və fəxri qonaq qismində iştirak etmiş Laosun xarici
işlər naziri Sonqsavan Fomvihon ilə birlikdə qonaqları
salamlayaraq, geniş nitqlə çıxış ediblər.
Tədbirdə eyni zamanda əvvəllər Bakıda təhsil almış Iaoslulardan
ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının üzvləri iştirak
ediblər.

