
Bakı.Trend:
Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Özbəkistan üçün
Azərbaycanla əməkdaşlıq qlobal bazarlara çıxışın təmin edilməsi
baxımından həyati əhəmiyyət daşıyır.
Bu barədə Trend-ə
Özbəkistanın Nəqliyyat Nazirliyindən olan mənbə məlumat verib.
Bildirilir ki, son illər Özbəkistan və Azərbaycan arasında
nəqliyyat-logistika əməkdaşlığı dinamik şəkildə inkişaf edir və
artıq strateji xarakter alıb. Hər iki dövlət Asiya ilə Avropa
arasında ən qısa və təhlükəsiz marşrutu təmin edən Xəzər dənizi
üzərindən keçən Orta Dəhlizin – Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun inkişafına xüsusi önəm verir.
“Mövcud dövrdə əməkdaşlıq üzrə geniş müqavilə-hüquqi baza
mövcuddur: iqtisadi və nəqliyyat əlaqələrinin gələcək inkişafı üçün
möhkəm əsas formalaşdıran təqribən 200 ikitərəfli sənəd imzalanıb”,
– mənbə qeyd edib.
Vurğulanıb ki, əldə olunan irəliləyişə əsasən, tərəflərin
qarşısında nəqliyyat dəhlizinin daha da inkişafına dair
genişmiqyaslı planlar dayanır.
“Özbəkistan Nəqliyyat Nazirliyi Azərbaycanlı həmkarları ilə sıx
əməkdaşlıq çərçivəsində infrastruktur sahəsindəki “dar boğazların”
aradan qaldırılması, tranzit marşrutlarda rəqəmsallaşma və
prosedurların sadələşdirilməsi, eləcə də əlverişli tarif
şərtlərinin razılaşdırılması üzərində işləyir”, – deyə qurumdan
bildirilib.

