
Bakı. Trend:
Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin
təlimi ilə bağlı qaydalarda dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional
məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında
müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, zərərli, ağır istehsalatlardakı iş yerlərində,
peşələrdə (vəzifələrdə) və yüksək təhlükə mənbəyi olan maşın,
mexanizm və avadanlıqlarda işləyən işçilər əmək şəraitinin
xüsusiyyətlərindən asılı olaraq 3 ayda bir
dəfədən, digər iş yerlərində isə ildə bir dəfədən
az olmayaraq əməyin mühafizəsi üzrə
təlimatlandırılmalıdırlar.
Əmək şəraitinin xüsusiyyətlərindən asılı olaraq işçilərin əməyin
mühafizəsi üzrə təlimatlandırılması vaxtı kollektiv müqavilələrlə,
kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və
ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı (əmək kollektivi)
arasında razılaşmalarla müəyyən ediləcək.
İşəgötürən bu təlimatlandırmaların qeydiyyatını elektron
informasiya sistemi vasitəsilə, Əmək Məcəlləsində müəyyən edilmiş
konkret (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul
edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək
münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada
bağlandıqda yaranır.) hallarda isə xüsusi jurnallarda
aparmalıdır.

