
Bakı. Trend:
Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı,
qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim
faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu
tamamilə yenidən yazır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev Bakıda
keçirilən Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye
Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə III
Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı deyib.
O bildirib ki, reallıq bizdən daha çevik, daha qabaqcıl və daha
məsuliyyətli qərarlar tələb edir.
“Bu gün sənaye təhlükəsizliyi yalnız texniki məsələ deyil. Bu,
milli təhlükəsizliyin, sabitliyin, dayanıqlığın və ən əsası – insan
həyatının qorunmasının əsas sütunlarından biridir. Prezident İlham
Əliyev tərəfindən müəyyən edilmiş strateji kurs ölkədə
təhlükəsizlik mədəniyyətinin yüksəldilməsini, risklərin minimuma
endirilməsini və innovasiya yönümlü idarəetmənin gücləndirilməsini
prioritet kimi müəyyən edir. Fövqəladə Hallar Nazirliyi bu kursu
ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir”.
V. Ağayev qeyd edib ki, innovativ monitorinq qurğuları, süni
intellektə əsaslanan risk analizləri, avtomatlaşdırılmış istehsal
prosesləri – bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas
dayaqlardır.
“Bu transformasiyanın uğuru isə yalnız bir yolla mümkündür –
dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı
vasitəsilə. Bu baxımdan Azərbaycan Sənaye Təhlükəsizliyi
Assosiasiyasının fəaliyyəti və təşəbbüsləri ekosistemin davamlı
inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Qarşıdakı illərdə qarşımızda böyük və iddialı hədəflər dayanır:
təhlükəsizlik standartlarının beynəlxalq tələblərə uyğun
yenilənməsi, yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi,
rəqəmsal nəzarət infrastrukturunun genişləndirilməsi və – ən vacibi
– təhlükəsiz davranış mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində
möhkəmləndirilməsi”,- deyə o əlavə edib.

