
Bakı. Trend:
Asiya İnkişaf Bankının “Ticarət və Təchizat Zəncirinin
Maliyyələşdirilməsi Proqramı” (AİB TSCFP) TuranBank-ın Kredit
Zəmanəti Məhsulu üzrə ümumi limitinin 8 milyon ABŞ dollarınadək
artırıldığını təsdiqləyib. Bu, TuranBank və ADB TSCFP arasında
uzunmüddətli əməkdaşlıqda növbəti mühüm mərhələdir və beynəlxalq
maliyyə institutlarının TuranBank-ın strateji inkişafına, risklərin
idarə olunması təcrübələrinə və əməliyyat imkanlarına artan
etimadını nümayiş etdirir.
AİB TSCFP TuranBank üçün ayırdığı yeni revolver kredit xətti
idxal və ixrac əməliyyatlarını asanlaşdırmaqla yanaşı, xüsusilə
qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin maliyyə
resurslarına çıxışını genişləndirəcək. Ayrılmış vəsait mövcud bazar
boşluqlarının aradan qaldırılmasına, milli iqtisadiyyatın
gücləndirilməsi və şaxələndirilməsinə yönəlmiş təşəbbüsləri
dəstəkləyəcək.
Bu razılaşma TuranBank-ın nüfuzlu beynəlxalq maliyyə
institutları ilə əməkdaşlığını gücləndirmək, yeni maliyyə mənbələri
cəlb etmək və Azərbaycan iqtisadiyyatının əsas iqtisadi
sektorlarını dəstəkləmək strategiyasını möhkəmləndirir. Bank öz
fəaliyyəti ilə yüksək keyfiyyətli maliyyə xidmətləri təqdim etməyə,
innovativ bankçılıq həllərini inkişaf etdirməyə və ölkədə davamlı
iqtisadi tərəqqini təşviq etməyə sadiqdir.
Asiya İnkişaf Bankı (AİB) haqqında
AİB iqtisadi artımı təşviq edən, yoxsulluğu azaltmaq və Asiya və
Sakit Okean regionunda regional əməkdaşlığı inkişaf etdirmək
məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf institutudur. Bank
aparıcı maliyyə institutları ilə tərəfdaşlıq edərək özəl sektorun
inkişafını və maliyyə sektorunun sabitliyini dəstəkləyir.
TuranBank haqqında
1992-ci ildə təsis edilən TuranBank, geniş çeşiddə korporativ,
pərakəndə və Kiçik və Orta Sahibkarlıq subyektləri üçün bank
xidmətləri təqdim edən Azərbaycanın aparıcı maliyyə
institutlarından biridir. Bank sahibkarlığın dəstəklənməsinə, real
sektorun maliyyələşdirilməsinə və beynəlxalq inkişaf fondları ilə
tərəfdaşlıqların qurulmasına xüsusi önəm verir.
TuranBank
Bizimlə etibarlıdır…

