
Bakı. Trend:
Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Rəqəmsal Sənəd
Dövriyyəsi (RSD) sisteminə qoşulub. RSD sistemi qurumlar arasında
real vaxt rejimində təhlükəsiz elektron sənəd mübadiləsini təmin
edən rəqəmsal platformadır.
Bu sistem vasitəsilə “Azerconnect Group” kağız üzərində sənəd
dövriyyəsini aradan qaldıraraq, sürətli, etibarlı və elektron
şəkildə sənəd mübadiləsini həyata keçirir. Platformaya qoşulmaqla
“Azerconnect Group” proseslərin avtomatlaşdırılmasını, məlumatların
təhlükəsizliyini və davamlılığını daha da artırır, həmçinin ölkənin
rəqəmsal transformasiyasına töhfə verir.
RSD-nin inteqrasiyası həm də BMT-nin Qlobal Sazişinin üzvü olan
“Azerconnect Group”un ESG (Ətraf mühit, sosial, idarəetmə)
prinsiplərinə sadiqliyini nümayiş etdirir. Kağızdan istifadəni
minimuma endirən sistem, ətraf mühitin qorunması və dayanıqlı
inkişaf istiqamətində şirkətin fəaliyyətini daha da gücləndirir.
Qeyd edək ki, “Azerconnect Group” RSD sisteminə keçid etmiş ilk
özəl telekommunikasiya şirkəti olub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan
RSD layihəsi inteqrasiya olunmuş tərəflər arasında rəsmi
məktublaşma və sənədlərin sürətli, təhlükəsiz və tam onlayn şəkildə
mübadiləsini təmin edir. Sistem məlumatların məxfiliyini və
bütövlüyünü qorumaq üçün sertifikatlaşdırılmış proqram və texniki
həllərdən istifadə edir. Sənədlərin dövriyyəsinə nəzarət imkanını
təmin etməklə yanaşı, sistem inzibati iş yükünü, kuryer və kağız
xərclərini əhəmiyyətli dərəcədə azaldır.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək
texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,
internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,
Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”
müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar
və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding”
beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

