Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edir – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər ərzində
dinamik şəkildə inkişaf edərək artıq strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova səsləndirib.

Deputat xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər
1993-cü il noyabrın 23-də qurulub. Onun sözlərinə görə, Azərbaycan
Slovakiya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və
qarşılıqlı əməkdaşlıq bu gün siyasi, iqtisadi, enerji, ticarət,
nəqliyyat, humanitar, təhsil və digər mühüm sahələri əhatə
edir.

A.Həsənova bildirib ki, ötən il Azərbaycan və Slovakiya arasında
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması
ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub:

“Bu sənəd tərəflər arasında siyasi dialoqun daha da
möhkəmlənməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və
müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə geniş
imkanlar açıb”.

Deputat xüsusi olaraq enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə
toxunub. O qeyd edib ki, ötən il tarixdə ilk dəfə Azərbaycan qazı
Slovakiyaya tədarük edilib və bu əməkdaşlıq Slovakiyanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır:

“Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ölkəyə müxtəlif
istiqamətlər üzrə ixrac imkanları verir və hazırda Azərbaycan 14
ölkəyə təbii qaz ixrac etməklə regionun və Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib”.

A.Həsənova vurğulayıb ki, son illərdə Azərbaycanın müdafiə
sənayesi sahəsində əldə etdiyi uğurlar bu istiqamətdə Slovakiya ilə
əməkdaşlıq üçün də böyük perspektivlər yaradır. Onun sözlərinə
görə, hər iki ölkə müdafiə sənayesi sahəsində kifayət qədər
texnoloji potensiala və təcrübəyə malikdir və bu, birgə layihələrin
həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.

Deputat həmçinin Slovakiyanın Azərbaycana münasibətdə daim dost
mövqedə olduğunu qeyd edib:

“Xüsusilə, noyabrın 8-də keçirilən və 44 günlük Vətən
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş rəsmi
paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin
fəxri qonaqlar arasında iştirak etməsini iki ölkə arasında mövcud
olan səmimi dostluq münasibətlərinin bariz nümunəsi kimi
dəyərləndirə bilərik”.

A.Həsənovanın sözlərinə görə, Azərbaycan–Slovakiya
münasibətlərinin gələcəkdə daha da dərinləşdirilməsi, qarşılıqlı
investisiyaların artırılması və birgə layihələrin reallaşdırılması
üçün geniş imkanlar mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir