
Bakı. trend:
2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü
ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları,
alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida
məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər
üzrə 105,7 faiz təşkil edib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin noyabr ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-noyabr aylarında
isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil
edib.
2025-ci ilin noyabr ayında qida məhsulları, alkoqollu içkilər və
tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya
nisbətən 100,4 faiz, yanvar-noyabr aylarında isə əvvəlki ilin
müvafiq dövrünə nisbətən 106,9 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida
məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal ətindən
konservlərin, balıq və balıq məhsullarının, südün, yumurtanın,
armudun, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun,
şirin bibərin, badımcanın, soğanın, kartofun, qara və yaşıl çayın,
alkoqollu içkilərin, ucuzlaşma isə makaronun, limonun, portağalın,
naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, ağ
kələmin, göyərtinin, balqabağın, lobyanın, süfrə çuğundurunun,
yerkökünün qiymətlərində müşahidə olunub. Qeyri-qida məhsulları
üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz,
yanvar-noyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən
102,6 faiz təşkil edib. Noyabr ayında əvvəlki ayla müqayisədə
qeyri-qida məhsullarından daha çox bahalaşma şəxsi gigiyena və
zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının
qiymətlərində müşahidə olunub.

