
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında əsas kapitala 16,659 milyard
manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3
faiz çox investisiya yönəldilib.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, neft-qaz sektoruna yönəldilmiş investisiyaların
həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş
investisiyaların həcmi isə 8,3 faiz artıb. İstifadə olunmuş
investisiyanın 8,421 milyard manatı və ya 50,6 faizi məhsul
istehsalı sahələrinə, 5,614 milyard manatı (33,7 faizi) xidmət
sahələrinə, 2,623 milyard manatı (15,7 faizi) isə yaşayış evlərinin
tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların
12,987 milyard manatını və ya 78 faizini daxili investisiyalar
təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 12,688 milyard manatı
və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub.

