
Bakı. Trend:
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində
Ərdəbil-Parsabad dəmiryolu xətti bu vilayət ilə Azərbaycan arasında
dəmiryolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər.
Bunu Trend-ə
müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə
deyib.
Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmiryolu xətti
Ərdəbil-Miyana dəmiryolu xəttinin ikinci hissəsi hesab olunur.
İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olan
Ərdəbil-Parsabad dəmiryolu xəttinin tikintisi ilə əlaqədar
tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.
Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və Büdcə
Təşkilatından bu dəmiryolu xəttinin tikintisi üçün texniki
lisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.
“Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzində
saxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndində
dəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişli
rayonunun qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıq
olacaq. Ötən illər ərzində bu dəmiryolu ilə əlaqədar iki ölkə
arasında razılaşma əldə olunub. İran hökuməti bu dəmiryolu ilə
əlaqədar razılığını elan edib. Bu dəmiryolu xətti də Ərdəbil
vilayəti ilə Azərbaycan arasında dəmiryolu əlaqələrinin inkişaf
etməsinə şərait yarada bilər. Sözügedən dəmiryolu Ərdəbil
vilayətinin Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi
Avropa ölkələrinə dəmiryolu vasitəsi ilə çıxışını təmin edəcək”, –
deyə o qeyd edib.

