
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müasir
təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti
mühüm addım atılıb. Universitetin 50 illik yubleyi çərçivəsində
Elektron Kitabxananın 1 saylı tədris korpusunda yeni oxu zalı
istifadəyə verilib.
Açılış mərasimində AzMİU-nun rektoru, memarlıq doktoru,
professor Gülçöhrə Məmmədova rəmzi lenti kəsdikdən sonra oxu zalı
ilə tanışlıq olub.
Rektor, professor Gülçöhrə Məmmədova yeni oxu zalında yaradılan
şəraitlə tanış olub və bildirib ki, tələbələrin elmi-tədqiqat
mühitinin müasirləşdirilməsi universitetin strateji inkişaf
prioritetləri sırasındadır. Onun sözlərinə görə, son illərdə
AzMİU-da tədris mühitinin yenilənməsi istiqamətində ardıcıl və
sistemli addımlar atılır. Yeni oxu zalının istifadəyə verilməsi isə
bu prosesin məntiqi davamıdır.
Yeni oxu zalı, xüsusilə İnşaat, Mexanika və İnformasiya
Texnologiyaları, Tikinti-iqtisad və Nəqliyyat fakültələrində təhsil
alan tələbələrin elmi mənbələrə operativ çıxışını təmin etmək
məqsədilə yaradılıb. Məkanda rəqəmsal resurslardan rahat istifadə
imkanı təmin olunub ki, bu da tələbələrin müstəqil öyrənmə və
tədqiqat imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Universitetin iqtisadi və təsərrüfat işləri üzrə prorektoru
İsrafil Məmmədov oxu zalının texniki imkanları barədə ətraflı
məlumat verərək bildirib ki, məkanda yüksək sürətli Wi-Fi şəbəkəsi,
müasir kompüter avadanlıqları və komfortlu iş mühiti yaradılıb. O,
tələbələrin şəxsi noutbuk və planşetləri ilə də elektron
resurslardan sərbəst faydalana biləcəklərini vurğulayıb.
Elektron kitabxananın müdiri Aytən Rəhmanova çıxışı zamanı qeyd
edib ki, son illərdə elektron resurslara maraq sürətlə artmaqdadır
və istifadəçi sayının çoxalması fonunda yeni oxu zalına ciddi
ehtiyac yaranmışdı. Onun sözlərinə görə, bu məkan tələbələrə
informasiya resurslarını daha çevik və rahat şəkildə əldə etməyə
imkan verəcək.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili isə bu
təşəbbüsü tələbələrin təhsilinə göstərilən diqqət və qayğının bariz
nümunəsi kimi qiymətləndirərək, tələbə kollektivi adından
universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, elektron kitabxanadakı kitablar əsasən 3 dildə –
Azərbaycan, Rus və İngilis dilərindədir. Buradakı kitabların və
elektron materialların sayı əhəmiyyətli dərəcədə artırılıb. Hazırda
ümumi resurs sayı 510 mindən çoxdur. Elektron katoloqun
genişləndirilməsi AzMİU-nun kitabxanalarına müraciət edən
oxucuların lazım olan kitabı sürətli şəkildə əldə etməsinə imkan
yaradır. Katoloqlarda kitabların və müəlliflərinin adı, eləcə də bu
kimi zəruri məlumatlar yer alır. Kitablardan əlavə, digər
materiallarla bağlı zəruri məlumatlar da elektron katoloqlarda
yerləşdirilib.
AzMİU-nun elektron kitabxanası 2012-ci ildə ildə qurulub və
daimi yenilənmə əsasında elektron kitabxana və katoloqdakı
materialların sayı mütəmadi olaraq artırılır. Elektron Kitabxananın
yeni oxu zalının fəaliyyətə başlaması AzMİU-da elmi araşdırma,
fərdi hazırlıq və mütaliə üçün yaradılan imkanları daha da
genişləndirəcək. Bu layihə universitetdə müasir və rəqəmsal təhsil
mühitinin formalaşdırılması istiqamətində atılan növbəti mühüm
addım kimi qiymətləndirilir.

