
Bakı. Trend:
Dekabrın 10-da Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının
katibi Ramil Usubov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası
Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla
görüşüb.
Bu barədə Trend-ə Təhlükəsizlik Şurasından məlumat verilib.
Bildirilib ki, dünyada baş verən qarşıdurmaların, hərbi-siyasi
çağırış və təhdidlərin artdığı müasir dövrdə əməkdaşlığın və birgə
səylərin vacibliyi, dövlətlərimizin başçıları Prezident İlham
Əliyevin və cənab Şavkat Mirziyoyevin siyasi iradələrinə uyğun
olaraq, iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, səmərəli
işbirliyinin ən müxtəlif sahələr üzrə inkişaf etdiyi diqqətə
çatdırılıb.
Söhbət zamanı hərbi və hərbi-texniki sahədə əlaqələrın daha da
möhkəmləndirilməsinin, genişləndirilməsinin, o cümlədən qarşılıqlı
təcrübə mübadiləsinin vacibliyi, bunun da təkcə Cənubi Qafqazda
deyil, bütövlükdə Mərkəzi Asiyada sabitliyin və təhlükəsizliyin
qorunması istiqamətində yeni imkanlar açacağına əminlik ifadə
edilib.

