
Bakı. Trend:
9 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının
Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti
raundu baş tutub.
Trend xəbər verir
ki, məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Samir Şərifov, Rusiya tərəfinə isə xarici işlər
nazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.
Tərəflər Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcud
vəziyyəti, gündəlikdə duran məsələlər, eləcə də qarşılıqlı maraq
doğuran beynəlxalq və regional mövzular üzrə geniş fikir mübadiləsi
aparıblar. Bildirilib ki, bu ilin 9 oktyabrında Düşənbədə iki ölkə
liderlərinin görüşündə əldə olunan razılaşmalar ikitərəfli siyasi
dialoqun əsasını təşkil edir.
Siyasi məsləhətləşmələr zamanı iqtisadi, ticarət, humanitar və
digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Bundan əlavə, regional platformalar çərçivəsində əməkdaşlıq
məsələləri nəzərdən keçirilib və Azərbaycanla Ermənistan arasında
ikitərəfli normallaşma prosesi barədə Rusiya tərəfinə ətraflı
məlumat verilib.

