
Bakı. Trend:
8 dekabr 2025-ci il tarixində Bağdad şəhərində Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının
Xarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri
baş tutub.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər
Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq
nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq
idarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.
Görüş zamanı Azərbaycan-İraq konsulluq əməkdaşlığının cari
vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə
vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələləri
müzakirə olunub.
Həmçinin iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının
qorunması, zəruri konsulluq yardımının göstərilməsi və bu
istiqamətdə mövcud ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi
barədə fikir mübadiləsi aparılıb.
Tərəflər konsulluq sahəsində həyata keçirilmiş yenilikləri
müzakirə edib, həmçinin miqrasiya, daxili işlər, ədliyyə, hüquqi
yardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini
vurğulayıblar.

