
Bakı. Trend:
Qazaxıstan, Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) neft
kəmərləri sistemi üzrə daşınan əlavə 58 min ton neftin Aktau limanı
vasitəsilə Bakı–Tbilisi–Ceyhan (BTC) istiqamətinə yönləndirilməsi
imkanlarını razılaşdırıb.
Trend bu barədə
“Kaztransoil” şirkətinə istinadən xəbər verir.
“Qazaxıstan Respublikası Energetika Nazirliyi tərəfindən
təsdiqlənmiş ilkin nəqletmə qrafiki ilə müqayisədə 2025-ci ilin
dekabr ayında neftin ixrac marşrutları üzrə tədarük həcmlərinin
artımı aşağıdakı kimi olacaq:
- Atırau–Samara istiqaməti üzrə 232 min ton;
- Çin istiqaməti üzrə 72 min ton;
- Aktau limanı (Bakı–Tbilisi–Ceyhan istiqamətində) üzrə 58 min
ton”, – deyə qurumun məlumatında bildirilir.
Şirkətdə əlavə edilib ki, tədarüklər beynəlxalq tərəfdaşlarla və
yük göndərənlərlə razılaşdırılıb.
Bundan əlavə, 2025-ci ilin dekabr ayı ərzində şirkət neft hasil
edən müəssisələrə neftin müvəqqəti saxlanılması üçün rezervuar
parkında məsul saxlanma imkanları təqdim edəcək.
Xatırladaq ki, noyabrın 29-da Astana vaxtı ilə saat 06:06-da
Novorossiysk şəhəri limanı yaxınlığında XBK-nın dəniz
infrastrukturu pilotsuz suüstü vasitələrin hücumuna məruz qalmışdı.
Hücum nəticəsində VPU-2 adlı üzən qurğusu ciddi zədələnmişdi.
Avadanlıq tam həcmdə bərpa işləri aparılana qədər istismardan
çıxarılıb.
XBK Qazaxıstanın üç böyük yatağından – Tengiz, Qaşaqan və
Karacaqanak – hasil edilən neftin daşınmasını təmin edir. 2024-cü
ildə aşırma həcmi təqribən 63 milyon ton neft təşkil edib.

