Azərbaycanın Keniyadakı səfiri bu ölkənin Baş naziri ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Baş
naziri, eyni zamanda, xarici və diaspora işləri naziri Musalia
Mudavadi ilə görüşüb.

Səfirlikdən Trend-ə bildirilib ki, görüşdə iki ölkə
münasibətlərinin cari ildəki inkişafının dinamikasından razılıq
ifadə olunub və il ərzində baş tutan yüksək səviyyəli intensiv
səfərlərin ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın
gücləndirilməsinə mühüm töhfə olduğu qeyd olunub.

Baş nazir M.Mudavadi Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto
arasında cari ilin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı
mənzil-qərargahında keçirilən görüşün və liderlər arasında səmimi
münasibətlərin iki ölkənin mənafeyinə xidmət etdiyini bildirib. O,
cari ildə xarici işlər nazirlikləri arasında baş tutan ilk siyasi
məsləhətləşmələrin, ardınca, xarici işlər naziri Ceyhun Bayramovun
Keniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrdə vacib mərhələ
olduğunu dilə gətirib.

Mövcud əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan maksimum
bəhrələnməyin vacibliyini qeyd edən səfir Sultan Hacıyev cari ildə
enerji, İKT, məhkəmə-hüquq, parlamentlərarası əlaqələr, penitensiar
xidmət və təhsil sahələrində əldə olunan nəticələri qeyd edib. O,
həmçinin bildirib ki, Azərbaycanın “ADA” Universiteti ilə Keniyanın
Xarici və Diaspora İşləri Nazirliyinin Xarici Xidmət Akademiyası
arasında imzalanan Anlaşma Memorandumunun diplomatik xidmət
orqanları arasında tərəfdaşlığın genişləndirilməsi üçün yeni
imkanlar yaradır.

Səfir 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək
WUF13-ün hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər
barədə həmsöhbətini məlumatlandırıb. O, Forum tarixində ilk dəfə
olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün
keçiriləcəyini diqqətə çatdırıb. Qlobal şəhərsalma çempionu olaraq
qəbul edilən Azərbaycan və Keniyanın dayanıqlı şəhərsalma və iqlim
sahəsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, o cümlədən
COP-WUF platformaları arasında bu proseslər üzrə əlaqənin
gücləndirilməsi fəaliyyətində WUF13-ün sıx işbirliyi fürsəti
olacağı vurğulanıb.

Görüşdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı
çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər
Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım
Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar
göstərməsinin xalqların dostluq münasibətlərinin
möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir