Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb

Baş səhifə

Bakı.Trend:

Dekabrın 11-dək əkin aparılmış 100 468,1 hektar sahədən
kondisiya çəkidə 354 906 ton xam pambıq tədarük olunub.

Trend xəbər
verir ki, bu barədə Kənd Təsərrüfatı məlumat yayıb.

Bildirilib ki, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha
təşkil edir. Bu, 2000-ci ildən bu yana ölkəmizdə qeydə alınan ən
yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən
yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb – 33,6
sent/ha.

Xatırladaq ki, Azərbaycanda pambıq əkinləri torpaq mülkiyyətçisi
olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında
bağlanan müqavilələr əsasında aparılır. İmzalanan müqaviləyə
əsasən, şirkət fermeri zəruri toxum, gübrə, pestisid və
herbisidlərlə təmin edir, torpağın əkinə hazırlanması, aqrotexniki
qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika
təchizatını həyata keçirir, bitkinin vegetasiya dövründə fermerə
zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini
qarşılamaq üçün avans verir. Fermer isə bunun qarşılığında məhsulu
yetişdirmək və müqavilədə müəyyən olunmuş qiymətə şirkətə təhvil
vermək öhdəliyinə malikdir. “Contract farming” formatında
müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı
problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir
tətbiq olunur və özünü uğurla doğruldur.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq
əkini aparılıb. Əkinlərin təxminən 86 faizə yaxını pambıqçılıq üzrə
ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar,
İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu
rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara
yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11
821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Bu günədək pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan
rayonundadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,23
sentner/ha təşkil edir. Dekabrın 11-dək rayon üzrə əkin aparılmış 8
898,3 ha sahədən 36 688,9 ton məhsul yığılaraq tədarük
məntəqələrinə təhvil verilib.




Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala
(39,65 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,50
sentner/ha), Bərdə (35,90 sentner/ha) və Saatlı (35,78 sentner/ha)
rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq
göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat
ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə
yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil
verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya
alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük
məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə
fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın
təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı
İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq
istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar
qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə
təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna
görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin
sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat
subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan,
Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı,
Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə
Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar
rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək
pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Respublikada pambıq yığımı davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir