
Bakı. Trend:
Azərbaycan, Türkiyə və Gürcüstanda həyata keçirilmiş boru kəməri
şəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsində innovativ
həllər və davamlı təkmilləşdirmə üzrə ölçülər tətbiq olunub.
Bunu “BP Exploration Caspian Sea Ltd.”nin korroziya və
materiallar üzrə mühəndisi Cavid Bejitadze Bakıda keçirilən “Asset
Integrity & Corrosion and Coatings Conference” beynəlxalq konfransı
çərçivəsində Trend-ə
açıqlamasında bildirib.
“Məqsədimiz korroziyaya qarşı mübarizədə yeni texnologiyalardan
istifadə etməkdir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, AGT (Azərbaycan-Gürcüstan-Türkiyə) boru
kəməri şəbəkəsinin modernləşdirilməsi layihələri çərçivəsində
innovativ həllər və davamlı təkmilləşdirmə ölçüləri tətbiq
olunub.
“Əsas yeniliklər arasında uzaq məsafəli obyektlər üçün xüsusi
hazırlanmış bərpa olunan enerji ilə işləyən ICCP sistemləri,
həmçinin layihələndirməyə inteqrasiya edilmiş dəyişkən və sabit
cərəyanın təsirini azaltmaq üçün kompleks tədbirlər yer alır”, –
deyə o bildirib.
Bejitadzenin sözlərinə görə, korroziya davamlı prosesdir və
şirkət mütəxəssislərinin əsas vəzifəsi onun sürətini minimuma
endirməkdir.
Bunun üçün katod qorunması və qoruyucu örtüklər daxil olmaqla
müxtəlif metodlardan istifadə olunur.
“Biz korroziyanı ləngidən baryerləri nəzarətdə saxlayır və
onların səmərəliliyini artırmaq yollarını daim axtarırıq. Şirkətin
planlarında yeni texnologiyalardan istifadə etmək və avadanlığı
təkmilləşdirmək, infrastruktura korroziyanın təsirini maksimum
azaltmaq yer alır. Bundan əlavə, BP korroziyaya qarşı mübarizədə
ixtisaslaşmış digər şirkətlərlə, o cümlədən katod qorunması
xidmətləri təqdim edən CTS ilə aktiv əməkdaşlıq edir. Biz ortaya
çıxan problemləri müntəzəm müzakirə edir və partnyorlarla birlikdə
optimal həllər axtarırıq”, – deyə Bejitadze vurğulayıb.

