
Bakı. Trend:
Dekabrın 11-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası
vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilir.
Trend xəbər
verir ki, məhkəmə iclasında tərəflərə replika hüququndan istifadə
etmək imkanı yaradılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında əvvəlcə
təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının
mübahisələndirilməsinə dair hissə barədə danışıb. Xatırladıb ki,
müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə
əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır. Dövlət
ittihamını müdafiiə edən prokurorun sözlərinə görə, məhkəmə
iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, birinci
Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən
cinayətkar dəstələr formalaşdırılmağa başlanmışdı: “Doğrudur,
tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr
həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və
silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı
dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş
ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm
siyasi və hərbi postlar tutdular. Yəni, həmin dəstələr təsadüfi,
özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini
işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.
Təqsirləndirilən şəxslərə gəldikdə, onlardan məsələn, David
Manukyan Şuşa batalyonunun üzvü, Davit İşxanyan “28-ci Martuni”
batalyonunun komandiri olub. Hansı ki, bu və digər batalyonlar məhz
qeyd edilən qanunsuz dəstələrin adının dəyişmiş, daha mütəşəkkil və
hərbiləşdirilmiş forması olub”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi davam etdirilir.

