Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz enerji”yə regional keçiddə liderliklərini davam etdirəcəklər – Moody’s

Baş səhifə

Bakı. Trend:

Azərbaycan, Özbəkistan və Qazaxıstan 2026-cı ildə “təmiz
enerji”yə regional keçiddə lider olmağa davam edəcəklər.

Trend bu barədə
“Moody’s” reytinq agentliyinə istinadən xəbər verir.

“Dövlət daxilində ticarətin artımı və yüksək iqtisadi
göstəricilər enerji tələbatının artımını stimullaşdırır. Bu,
iqtisadiyyatın daha da şaxələnməsinə və inteqrasiyasına töhfə
verərək regionun bərpa olunan enerji mənbələri sahəsində böyük
potensialını üzə çıxarır, həmçinin regional enerji əlaqəliliyini
gücləndirir. Biz Azərbaycan, Özbəkistan və Qazaxıstanın bu keçidi
2026-cı ildə də davam etdirəcəyini, rəqabətədavamlı elektrik
enerjisi bazarlarını inkişaf etdirəcəyini, eləcə də bərpa olunan
enerji sahəsinə özəl investisiyaları cəlb edəcəyini gözləyirik.
Eyni zamanda, Tacikistan və Qırğızıstan kimi hidroenerji resursları
zəngin olan ölkələrin beynəlxalq maliyyə institutlarının dəstəyi
ilə su elektrik stansiyaları layihələrinə investisiyaları artıraraq
regional elektrik enerjisi ixracını genişləndirəcəyini gözləyirik”,
– deyə “Moody’s”in hesabatında bildirilir.

Eyni zamanda, reytinq agentliyi qeyd edir ki, karbohidrogen
resursları Qazaxıstan və Azərbaycanda iqtisadi fəallığa dəstək
olmağa davam edəcək.




Bundan əlavə, “Moody’s”in analitikləri vurğulayırlar ki, Mərkəzi
Asiya və Qafqaz dövlətlərinin nəqliyyat, logistika və tikinti
sektoru Orta Dəhliz – Çinlə Avropanı birləşdirən strateji
ticarət-tranzit şəbəkə – boyunca fəallığın artımından faydalanmağa
davam edəcək.

Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə
yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin
yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt,
dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək
enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir.

Bərpa olunan enerji mənbələri üzrə ölkəmizdə ümumi gücü 1829,6
MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5
MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək
elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası,
37 MVt gücündə bio-elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid
elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi
enerji gücünün təxminən 18,8%-ni təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir