
Bakı. Trend
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
vəfatının ildönümüdür. Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il
keçir. Heydər Əliyev dahi siyasətçi idi, o, regional siyasətin
aparıcı simalarından biri olaraq həm öz xalqı arasında, həm də
beynəlxalq siyasi arenada böyük nüfuza malik idi.
Trend-in
məlumatına görə, Ümummilli Liderin xatirəsi Azərbaycanda, o
cümlədən xarici ölkələrdə ehtiramla yad edilir.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da
Naxçıvanda anadan olub. O, Leninqradda xüsusi ali təhsil alıb,
1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib, SSRİ-nin
rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, 1991-ci ilin iyulunda Sovet
İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin
iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra
isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə
deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan
şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilib.
1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə
qayıdışı Azərbaycan üçün xilas yolu oldu. Ən çətin anda o, ölkəyə
geri dönərək siyasi böhran və iqtisadi tənəzzüldən çıxış yolu
tapdı. O, o zamankı bacarıqsız hakimiyyətin yaratdığı vəziyyəti
düzəldə bildi, müharibəni dayandırdı, vətəndaş qarşıdurmasının
qarşısını aldı və ölkəni tərəqqi yoluna yönəltdi. Məhz Heydər
Əliyevin səyi ilə tarixi “Əsrin müqaviləsi” imzalandı. Ulu öndərin
neft strategiyası Azərbaycanın iqtisadi inkişafına güclü təkan
verdi. 1998-ci ildəki andiçmə mərasimində o, belə deyirdi: “Biz XXI
əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövləti çatdırmaq
istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik.
Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və
Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini
göstərəcəkdir”.
Bu gün Azərbaycan güclü, nüfuzlu və həqiqətən müstəqil bir
dövlətdir. Ulu öndərin qoyduğu möhkəm təməl üzərində Prezident
İlham Əliyev Azərbaycanın misilsiz uğur hekayəsini yazdı. Ölkədə
yoxsulluğun öhdəsindən gəlindi, möhtəşəm iqtisadiyyat quruldu,
peşəkar ordu formalaşdırıldı və Azərbaycanın beynəlxalq arenada
hesablaşılmalı bir oyunçu kimi möhkəm imici yaradıldı. Biz, qalib
xalq olaraq, azad, sabit və çiçəklənən bir ölkədə yaşayırıq.

